Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasından 133 il ötür
O, müxtəlif və mürəkkəb dövrlərin ənginliklərindən keçən həyat yolu və əbədiyaşar yaradıcılığı ilə adını mədəniyyət tariximizə möhürləyən sənətkardır. Üzeyir Hacıbəylidən danışarkən onu böyük musiqiçi alim kimi deyil, eyni zamanda, yüksək intellektə malik pedaqoq, ictimai-siyasi xadim, ən əsası ruhunda və qəlbində millətinin məhəbbətini daşıyan əsil vətəndaş kimi xarakterizə etmək olar. Bu gün dahi sənətkarın yaratdığı bənzərsiz sənət inciləri onu nəyinki doğma vətənində, həm də dünyanın hər yerində yaşadır. Hazırkı musiqi mədəniyyətimizin ekspozisiyasına nəzər saldıqda, Üzeyir Hacıbəyli məqamının əlamətlərini bütün təfsilatı ilə hiss edirik. Unudulmaz böyük bəstəkarın milli musiqimizdəki izi təkrarolunmazlıq mücəssəməsidir. Hər il 18 sentyabr - Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ölkəmiz onun adını daşıyan beynəlxalq musiqi festivalına ev sahibliyi edir. Festival çərçivəsində dünyanın hər bir yanından ən qabaqcıl və aparıcı orkestrlər tam heyəti ilə ölkəmizə gəlir, Üzeyir bəyin əsərlərini səsləndirir, həmçinin onun xatirəsinə ehtiramlarını bildirirlər. Ənənəvi olaraq bu il də ölkəmiz bu festivala hazırlaşır. Üzeyir Hacıbəyli yaradıcılığı və dövrü ilə tanış olmaq arzumuz festival öncəsi bizi onun adını daşıyan ev muzeyinə gətirdi.
Üzeyir Hacıbəylinin ev muzeyi: dil açan eksponatlar
Üzeyir Hacıbəylinin ev muzeyində olan hər bir azərbaycanlı burda özünü çox qurulu və rahat hiss edir. Hər iki hissin fövqündə fəxarət və milli mənsubiyyət amalı dayanır. Muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova bizi Üzeyir Hacıbəyli dünyası ilə yaxından tanış edir. Muzeylə ilk tanışlığımız dahi bəstəkarın yaradıcılıq otağından başladı. Burada bəstəkarın istifadə etdiyi saatdan dirijorluq çubuğunadək olan bütün əşyalar bizi ruhən Üzeyir bəyin yaşadığı dövrə apardı. Onun yarımçıq qalmış “Azərbaycan” simfonik poemasının yerləşdiyi yaradıcılıq masasının səliqəsi heç də pozulmayıb. Bu, Üzeyir bəyin sonuncu işidir, cəmi üç səhifə nota alıb. Otağın divarından asılmış və əqrəbləri 14.00 göstərən saat sanki Üzeyir bəyin əbədiyyət yuxusundan oyanmasını gözləyir. Bəstəkar bu dünya ilə vidalaşdığı 1948-ci il oktyabrın 23-ü tarixindən bu günədək Üzeyir bəyin divar saatı zamanla vidalaşıb. Çünki o, eyni tarixdə və eyni saatda haqq dünyasına qovuşduğundan bacısı oğlu tərəfindən saat dayandırılır. Kim bilir, bəlkə də Üzeyir bəyin vəsiyyəti belə idi. Sənətkarın frakının-dirijorluq libasının bir qəribəliyi vardır. Ona diqqətlə baxanda Üzeyir bəyin təravətini hiss edirsən. Muzeydə bir daha şahid oluruq ki, dahi bəstəkar dövrünün ən yüksək mükafatları və fəxri adlarına layiq görülüb. G.Ələsgərova bizi digər otaqdakı masaüstü güzgü ilə tanış etdikdə məlum oldu ki, bu güzgü Xurşidbanu Natəvana məxsus güzgü imiş. X.Natəvanın nəticəsi Leyla Usmiyeva Üzeyir bəyin vəfatından sonra Natəvana aid güzgünü və çini qabdan olan aş sinisini muzeyə hədiyyə edib. Bundan başqa, muzeydə qapalı şüşə vitrində saxlanılan ovaxtkı SSR-i rəhbəri Josef Stalinin İkinci Dünya müharibəsindən sonra Üzeyir Hacıbəyliyə ünvanlandığı minnətdarlıq teleqramı diqqətimizi çəkdi. Muzeyin ekspansiya şöbəsinin rəhbəri deyir ki, 1944-cü ildə Üzeyir bəy cəbhəyə kömək məqsədilə öz şəxsi vəsaitindən 100 min rubl ayırır ki, ona bir tank alınsın. Ona görə də J.Stalin bəstəkarın bu addımını yüksək qiymətləndirir, ona şəxsən təşəkkür teleqramı göndərir. Bu gün muzey kimi yanaşdığımız bu tarixi ocaq vaxtilə qonaq–qaralı ev olub. Hər gün bu ocaqda tamamilə yad olan adamlar çörək kəsiblər. Hətta evdə qonaq olmayanda Üzeyir bəy həmin gün çox narahat olurmuş. Məcburi şəkildə evdəkilərə deyirmiş ki, gedin məhəllədən keçən üstü-başı nimdaş geyimli kimi görürsünüzsə gətirin evə. Üzeyir Hacıbəyli evinə təşrif buyuran yetimlərin, kasıb insanların qarnını doyurar, imkan dairəsində ciblərinə pul da qoyarmış. O, eyni zamanda, tələbələrinə də ata qayğısı göstərirmiş. Həqiqətən bu tarixi ocaq ensiklopedik olduğu qədər, həm də müqəddəs məkandır. Burda olan hər bir kəs dahi şəxsiyyətin sənət dünyasına, həyatına, keçdiyi ömür yoluna olduqca yaxınlaşır, sanki bu evdə vaxtilə yaşananların canlı şahidinə çevrilirsən.
Üzeyir bəyin əsərləri dörd qitənin ən məşhur sənət ocaqlarında
Sənətin müxtəlif janrlarında şah əsərlər yaratmaq hünərdirsə, janrın özünü yaratmaq yüz qat hünərdir. Üzeyir Hacıbəyli nəinki müxtəlif janrların ən yüksək mərtəbələrinə qalxıb, o həm də musiqiyə tamamilə yeni janrlar gətirib. Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: “Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün”. Təsadüfi deyil ki, dahi bəstəkarın əsərləri Avstraliya qitəsi istisna olmaqla dünyanın dörd qitəsinin ölkələrinin ən məşhur sənət ocaqlarında səhnəyə qoyulub. Otaqların divarından asılan orijinal afişalar bura gələn bütün qonaqlara Üzeyir bəyin yaradıcılığını başa salır. Onun “Ər və Arvad”, “O olmasın bu olsun” və dünyanın 70 dilinə tərcümə edilən, 4 dəfə Azərbaycanda və 1 dəfə Amerikada ekranlaşdırılan “Arşın mal alan” operettasının orijinal tablosunun rəngi heç də solmayıb. “Leyli və Məcnun”, “Rüstəm və Zöhrab”, “Harun və Leyla”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Şeyx Sənan” və sonuncu “Koroğlu” operasının kiçik tablolarının səliqəsi yerindədir. Bəstəkarın əsərləri ilə maraqlandığımız zaman məlum oldu ki, 10 iri həcmli əsərindən cəmi birinin sözlərini Üzeyir bəy özü yazmayıb. Bu “Koroğlu” operasıdır ki, onun sözlərini dramaturq Heydər İsmayılov yazıb. Operadakı şeirlərin müəllifi isə Məmməd Səid Ordubadidir.
Üzeyir Hacıbəylinin cənazəsi Mircəfər Bağırovun çiyinlərində...
Muzeydə bəstəkarın ailə tərkibi ilə tanış olarkən çox maraqlı faktlarla qarşılaşırıq. Bəstəkarın anası Şirinbəyim xanım Əlverdibəyov mədrəsə təhsilli, atası Əbdülhüseyn Hacıbəyov isə öz dövrünün savadlı, ziyalı şəxslərindən olub. Üzeyir bəyin atası Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edib. Üzeyir bəyin iki qardaşı - Zülfüqar və Ceyhun, iki bacısı - Abuhəyat və Sayad olub. Bəstəkarın böyük qardaşı Zülfüqar Hacıbəyovun iki övladı - Maestro Niyazi və Çingiz Hacıbəyov dünyaya gəlir. Onların heç birinin övladı olmur və bunla da Hacıbəyovlar nəsli burada sonlanır. Bacıların hər ikisinin həyat yoldaşı vaxtsız vəfat edir. Sayad xanımın dörd övladı olduğundan Üzeyir bəy onları öz himayəsinə alır və təlim-tərbiyələri ilə məşğul olmağa başlayır. Bəstəkarın həyat yoldaşı Məleykə xanım Telequlova tatar qızı idi, O, ixtisasca rus dili müəllimi olub, bir neçə il məktəb direktoru vəzifəsində çalışır. Üzeyir bəyin vəfatından sonra 18 il yaşayan Məleykə xanım ona məxsus olan bütün əşyaları toplayaraq bir yerə yığır ki, gələcəkdə bu ocaq muzey olanda əşyalar qorunub saxlanılsın. Muzeydə tanış olduğumuz son şəkil dahi bəstəkarın vəfatı zamanı çəkilmiş fotolar idi. 1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur. Mircəfər Bağırov bəstəkarın dəfnində şəxsən iştirak edir, hətta o, cənazəni öndə götürənlərdən biri olur. Dahi bəstəkarın dəfnində yaşanan izdihamı və dövrün tanınmış dövlət adamlarının onun cənazəsinə qarşı ehtiramını gördükdə Üzeyir Hacıbəyli şəxsiyyətinin tarixdə əbədi qalacağını elə bu fotolardan rahatca başa düşürsən.
Yaradıcılığı və şəxsiyyəti bir-birini tamamlayan bəstəkar
Bu ocaqda olarkən adamda elə təəssürat oyanır ki, elə bil bu ailənin müasirisən. Üzeyir Hacıbəyli sözün həqiqi mənasında Azərbaycan musiqisinin baş tacıdır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Dahi bəstəkar, böyük yazıçı-dramaturq, ustad publisist, ictimai-siyasi xadim - Üzeyir bəy Hacıbəyli. Yaradıcılığı və şəxsiyyəti bir-birini tamamlayan dahi. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.
azertag.az