Sentyabrın 18-də Dənizkənarı Milli Parkda Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi ilə “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərginin açılış mərasimi keçirilib.
Sərgi ümummilli lider Heydər Əliyevin “Bakı şəhərindəki Dənizkənarı bulvara Mili Park statusu verilməsi haqqında” Fərmanının 20 illiyinə həsr edilib.
Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri Elmir Bağırov AZƏRTAC-a müsahibəsində bildirib ki, sərgidə yer alan 104 fotoşəklin əksəriyyəti ictimaiyyətə ilk dəfə təqdim olunur. Şəxsi kolleksiyalardan, xarici və yerli arxivlərdən toplanmış və yüksək keyfiyyətlə bərpa edilmiş orijinal fotoşəkillər dənizkənarı sahilin və Bakı bulvarının 1861-ci ildən 1990-cı illərədək tarixini əhatə edir. Sərgidə Bakı şəhərinin1860-cı illərdə dənizdən çəkilmiş ilk fotoşəkilləri də nümayiş olunur.
Tədbirin keçirilməsində əsas məqsəd Bakı bulvarının tarixi inkişaf mərhələlərini əyani surətdə nümayiş etdirmək, vətəndaşları, turistləri və şəhərimizin qonaqlarını bu sahədə maarifləndirməkdir.
Elmir Bağırov xatırladıb ki, Bakı Bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Həmçinin qeyd edib ki, Dənizkənarı Bulvar İdarəsi tərəfindən sosial layihələr davam etdiriləcək.
2019-cu ilin mart ayının sonuna kimi davam edəcək sərgiyə giriş sərbəstdir. Sərginin Azərbaycan klassik və retro musiqi sədaları altında keçirilməsi şəhərimizin sakinlərinə və turistlərə xoş təsir bağışlayır.
azertag.az