Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın doğum günündə qeyd edilən Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov sentyabrın 18-dən etibarən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının başlandığını, onun xatirəsinə həsr edilən tədbirlərin keçiriləcəyini bildirib.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva xatırladıb ki, milli mədəniyyətə daim böyük diqqət ayıran ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildən başlayaraq, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin ad günü – sentyabrın 18-i ölkədə Milli Musiqi Günü kimi qeyd edilir.
Hazırda Heydər Əliyev kursunu İlham Əliyev uğurla davam etdirir. Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının yubileyləri dövlət səviyyəsində qeyd edilir. Bu yaxınlarda mədəniyyət xadimlərinə orden və medalların təltif edilməsi mərasimi keçirilib.
Bu gün dahi Ü.Hacıbəylinin musiqisi Çindən Amerikayadək səslənir. Bu musiqinin işğaldan azad ediləcək Qarabağda səslənməsini hər bir azərbaycanlı arzulayır.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə qeyd edib ki, Üzeyir Hacıbəylinin yaradıcılığı təkcə musiqi ilə məhdudlaşmır, o, dahi maarifçi, pedaqoq və publisist olub. Onu doğrudan da “dahi azərbaycanlı” adlandırmaq olar. Bəstəkarlar İttifaqı Ü.Hacıbəylinin yaradıcılığını təbliğ edir, ona həsr edilən konfranslar, konsertlər, tədbirlər keçirir. Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” medalı ilk dəfə Şəki Musiqi Festivalında təqdim edilib.
Sonra F.Əlizadə “Üzeyir Hacıbəyli” medalını bəstəkarın adını daşıyan ev-muzeyinin direktoru, Xalq artisti, Ü.Hacıbəyli yaradıcılığı haqqında çoxsaylı kitab və məqalənin müəllifi Sərdar Fərəcova, həmçinin Telman Ağdamskiyə təqdim edib.
Son illər Türkiyədə çalışan rejissor Əflatun Neymanzadə məşhur həmyerlimizin yaradıcılığının xaricdə populyarlaşması sahəsində beynəlxalq layihələrdən danışıb.
Sonda Qara Qarayev adına musiqi məktəbi şagirdləri tərəfindən Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
azertag.az