Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə Biləsuvarda başlayıb
19.9.2018

Lənkəran Dövlət Dram Teatrı özünün yeni mövsümünə ilk dəfə olaraq doğma şəhərdən kənarda - Biləsuvarda başlayıb.

Biləsuvar Rayon Mədəniyyət Mərkəzində sənətsevərlərin iştirakı ilə keçən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari 128-ci teatr mövsümündə qarşıda duran vəzifələrdən danışıb.

Qeyd olunub ki, ötən teatr mövsümü yaradıcı kollektiv üçün uğurlu olub. 2017-ci ilin dekabr ayının 1-dən 6-dək teatrın kollektivi İran İslam Respublikasının Həmədan şəhərində keçirilən XXIV Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında gənc yazıçı Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə çıxış edərək, bu mötəbər sənət yarışmasında diplomla mükafatlandırılıb.

Teatr kollektivinin Lerik və Astara rayonlarına səfərləri də böyük maraqla qarşılanıb.

Bildirilib ki ötən mövsümdə teatrda yeni səhnə əsərləri - “Danabaş kəndinin məktəbi”, “Şaxta baba və pərilər”, “Korlar”, “Qaraca qız və xallı ifritə” tamaşaları təhvil verilib.

Kollektivin həyatında daha bir əlamətdar hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 27 may tarixli Sərəncamı ilə teatrın aktyoru Niftulla Əsgərovun “Əməkdar artist” adına layiq görülməsi olub.

Hazırda teatrın rejissorları Adil Zeynalovun və Emil Əskərovun paralel olaraq iki səhnə əsərinin - başqırd dramaturqları Süleyman və Həmdiyə Lətipovların “Evlən, oğul, evlən!...” və Əjdər Olun “Meşəbəyinin dostları” tamaşalarının məşqlərini apardığını qeyd edən teatrın direktoru yeni mövsümdə sənətsevərlərə daha bir neçə maraqlı tamaşanın təqdim olunacağını, kollektivin beynəlxalq teatr festivallarına qatılacağını və qastrol səfərlərinə çıxacağını söyləyib.

Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov çıxış edərək, teatrın kollektivinə yaradıcılıq uğurları arzulayıb.

Açılış mərasimindən sonra yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası sənətsevərlərə təqdim olunub. Nataşa adlı bir rus qızının sərgüzəştlərindən bəhs edən bu səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları Əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlardan Qızılgül Quliyeva, Allahverən Babayev, Səyyad Əliyev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.



azertag.az