Daşkənddəki Dövlət Satira Teatrı yeni mövsümü Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ilə açıb
20.9.2018

Daşkənddəki Dövlət Satira Teatrı yeni mövsümü Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ilə açıb.

“Didor” teatr-studiyası ilə birgə hazırlanan tamaşada Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Tamaşanın quruluşçu rejissoru Özbəkistanın Xalq artisti Bahadur Yuldaşevdir.

Tamaşada əsas rolları Yusif Fayziev, Nərgiz Eltoeva, Lola Rəcəbova, Bekzad Şaymatov və başqaları ifa ediblər. Əsərin musiqi tərtibatçısı isə Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayevdir.

Xatırladırıq ki, “Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.

1921-ci ildə bu əsərə Buxarada səhnə həyatı verilib. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar bu əsəri təqdim edib. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim edilib.

Üzeyir Hacıbəylinin bu ölməz əsəri 100 ildən artıqdır ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür. Teatrlar zaman-zaman bu əsərə müraciət edirlər. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya qoymuşdu.

Qeyd edək ki, musiqili komediya dünyanın 76 ölkəsinin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş olunub.


azertag.az