Bakıda “Avropa mədəni irsi ili” çərçivəsində festival keçiriləcək
20.9.2018

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi quruma üzv dövlətlərlə birgə Azərbaycanda mədəni irsin qorunub saxlanılmasının vacibliyinə dair məlumatlılığın artırılması məqsədilə “FANTAZIA” adlı festival təşkil edəcək. “United Cultures in Baku” MMC festivala təşkilati dəstək verəcək.

Bu fikir “2018-ci il Avropa mədəni irsi ili” çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və “United Cultures in Baku” MMC-nin birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək “FANTAZİA” festivalı ilə əlaqədar sentyabrın 19-da mətbuat konfransında səslənib.

Bildirilib ki, noyabrın 1-dən 10-dək davam edəcək festivalda konsertlər, ekskursiyalar, seminarlar, sərgilər, müsabiqələr təşkil olunacaq, yerli və xarici mütəxəssislərlə görüşlər keçiriləcək.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Fransanın, Niderlandın, Polşanın, Macarıstanın, Meksikanın ölkəmizdəki səfirləri Aureliya Buşez, Onno Kervers, Marek Tsalka, Viktor Szederkenyi, Xuan Rodriqo Labardini Flores və digərləri çıxış edərək festivalın əhəmiyyəti barədə danışıb, Azərbaycanın tarixinin, zəngin mədəni irsinin qorunmasının vacibliyini qeyd ediblər.

Sonra festivala həsr edilmiş videoçarx nümayiş olunub.



azertag.az