® "Run Film" informasiya müharibəsində yeni cəbhə açır - Azərbaycanda daha bir ilk olacaq
21.9.2018

"Run Group" şirkətinin media layihəsi olan "Run Film" Azərbaycanda tarixi janrda bədii film çəkməyi planlaşdırır. Bu, Azərbaycanda ilk dəfə olaraq xalq filmi olacaq. Yəni istənilən Azərbaycan vətəndaşı onun ərsəyə gəlməsinə dəstək ola biləcək.

Film "İrəvan xanlığı" adlanır. Çəkilişlərinə 2019-cu ilin əvvəlində başlanacaq filmin istehsalı üçün xaricdən ən müasir texnika gətiriləcək. "İrəvan xanlığı" filminin ərsəyə gəlməsinə bir sıra ölkələrin, o cümlədən Türkiyə, İran, İsveç, İsrail və ABŞ-dan Hollivud şirkətləri cəlb olunacaq. Bununla bağlı müvafiq müqavilələr bağlanıb.

Filmin baş prodüseri Rəşad Cəfərov, baş rejissoru isə Namik Ağayevdir. Artıq "İrəvan xanlığı"nın ssenarisi hazırdır, hətta aktyorların kastinqi də aparılıb. Filmdə rolları azərbaycanlılarla yanaşı, bir sıra ölkələrin tanınmış aktyorları da oynayacaq.

"İrəvan xanlığı" filmində hər hansı kiçik yanlışlıqlara belə yol verilməməsi və ən yüksək səviyyədə hazırlanması məqsədilə "Run Film" bir sıra dövlət qurumları və elmi təsisatlara rəy almaq üçün müraciət edib. Bundan sonra böyük bir ərazidə İrəvan xanlığının maketi qurulacaq, eyni zamanda, müvafiq qurumlar tərəfindən təsdiqlənmiş layihə əsasında böyük pavilyonda İrəvandakı Xan Sarayının kiçik modeli inşa ediləcək.

Filmdəki xüsusən döyüş kadrlarının əks olunacağı 15-20 min nəfərlik kütləvi səhnələr kompüter qrafikasının köməyi ilə deyil, məhz canlı, real insanların iştirakı ilə çəkiləcək. Cənubi Qafqazda baş verən tarixi həqiqətlərin dünyaya çatdırılmasına və erməni yalanlarının ifşa edilməsinə dəstək olmaq istəyən hər bir vətənpərvər azərbaycanlı filmin ərsəyə gəlməsinə maddi baxımdan yardım edə, eləcə də kütləvi səhnələrdə könüllü olaraq çəkilə biləcək.

"Run Group" şirkətinin rəhbəri İranə Talışxanova deyir ki, şirkət bununla digər sahələrdə olduğu kimi Azərbaycana, milli kinomuza və onun 120 illik yubileyinə də töhfə vermək niyyətindədir: "Kino sənayesi iqtisadiyyatın bir qolu olmaqla yanaşı, həm də böyük təbliğati əhəmiyyət daşıyır. Ona görə də "Run Group" olaraq biz də Azərbaycanın kino sənayesinin inkişafına töhfə verməyə çalışırıq. Bu, həm iqtisadi baxımdan, həm də ölkəmizin, onun tarixinin, mədəniyyətinin, həqiqətlərinin dünyaya daha çox çatdırılması və düzgün təbliğ olunması baxımından çox önəmlidir. Əgər biz dünya səviyyəsinə çıxa biləcək daha çox və səviyyəli filmlər istehsal edə və onları peşəkar formada təqdim edə bilsək, ölkəmiz daha çox tanınacaq, haqqında daha müsbət fikirlər yaranacaq.

Azərbaycan hazırda müharibə şəraitində yaşayır. Media və filmlər isə informasiya müharibəsində güclü təsir qüvvəsinə malik silahlardır. Biz də Azərbaycanımızın informasiya müharibəsində uğur və zəfərlər qazanması üçün əlimizdən gələni etməyə hazırıq və bu "silahlardan" maksimum dərəcədə düzgün istifadə etməklə dəstəyimizi bundan sonra da əsirgəməyəcəyik".

Qeyd edək ki, "İrəvan xanlığı" "Run Film"in ərsəyə gətirdiyi sayca ikinci kino əsəri olacaq. Bundan cəmi bir neçə ay əvvəl isə şirkət "Ol" adlı filmin təqdimatını həyata keçirmişdi. Azərbaycan auditoriyasına görə "Ol" filmi bir qədər fərqli və qeyri-adi tərzdə olsa da, onun nümayişinə icazə verilməsi üçün artıq bir neçə ölkədən sifariş daxil olub. Bundan əlavə uğur qazanılmasına vasitə olmuş bir sıra reklam videoçarxlarının, həmçinin Azərbaycanın xarici investorlar üçün maraq doğura bilən bölgələri barədə kiçik tanıtım filmlərinin ərsəyə gəlməsi də "Run Film"in adı ilə bağlıdır.

Ümumiyyətlə, "Run Group" şirkəti media layihələri çərçivəsində sifariş əsasında reklam, şirkətlərin sıfırdan tanıdılması, brend yaratma və s. işləri də həyata keçirir.

Xatırladaq ki, fəaliyyətini Azərbaycanda əsasən qeyri-neft sektoruna investisiyaların cəlb olunması istiqamətində quran "Run Group" şirkəti bir sıra sahələrdə ardıcıl uğurlar qazanmaqda davam edir. Şirkət layihələri ilə inkişaf etməkdə olan Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxması üçün öz töhfəsini verməyə çalışır. Bu məqsədlə dünyanın bir sıra ölkələrinin nüfuzlu şirkətləri, fondları, elm, təhsil, tibb müəssisələri ilə sıx beynəlxalq əlaqələr quran şirkət hazırda Azərbaycanda tikinti, turizm, səhiyyə, media və kino sənayesi sektorlarında, həmçinin sosial sahədə genişmiqyaslı layihələr gerçəkləşdirir.


azertag.az