Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
21.9.2018

Sentyabrın 20-də Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov bu ölkənin Katara mədəniyyət şəhərciyinin rəhbəri Xalid Al Sulaiti ilə görüşüb.

Səfirlikdən bildiriblər ki, görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri, Doha şəhərində Azərbaycan mədəniyyət günlərinin, eləcə də əl işləri və rəsm sərgilərinin, muğam gecələrinin təşkili imkanları müzakirə edilib.

Xalid Al Sulaiti, öz növbəsində, Katara mədəniyyət şəhərciyində keçirilən tədbirlər haqqında ətraflı məlumat verib, bu kimi mədəni tədbirlərin, xüsusən də Azərbaycan mədəniyyət günlərinin təşkilinə lazımi dəstəyin göstərilməsinə hər zaman hazır olduqlarını qeyd edib.

Qeyd edilib ki, Katara mədəniyyət şəhərciyi incəsənət və tarixi mədəni irsin qorunub saxlanılması, digər xalqların mədəniyyətlərinin sərgilənməsi məqsədilə yaradılıb. Katara teatr və konsert zalları, amfiteatr, sərgi mərkəzləri, musiqi akademiyası və incəsənət mərkəzləri, ticarət və ictimai iaşə obyektləri və istirahət yerləri ilə əhatə olunan Qətərin ən çox turist cəlb edən məkanıdır.

Görüşdə, həmçinin xalqımızın qədim, zəngin mədəniyyəti və incəsənəti barədə məlumat verən səfir Azərbaycan musiqisi, muğamı və milli yeməkləri haqqında bukletlər və ölkəmizin mədəni irsini əks etdirən digər təbliğat materiallarını Xalid Al Sulaitiyə təqdim edib.


azertag.az