Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış isveçrəli dilçi-alim, semiologiya və struktur dilçiliyin banisi Ferdinand de Sössürün “Ümumi dilçilik kursu” kitabı Azərbaycan dilində işıq üzü görüb.
Tərcümə Mərkəzindən bildirilib ki, XX əsr dilçilik elminin “atası” hesab edilən alimin mühazirələri əsasında hazırlanmış kitab, ümumilikdə ötən yüzilliyin humanitar təfəkkürünə əhəmiyyətli dərəcədə təsir göstərib, ölümündən 3 il sonra məşhur isveçrəli dilçilər – Şarl Balli və Alber Seşe tərəfindən tərtib edilərək, dünyanın bir çox dillərinə tərcümə və nəşr edilib. Əsər dünya dilçiliyi tarixində linqvistika elminin inkişaf mərhələlərini müəyyən edən ən dəyərli elmi tədqiqat işi hesab edilir.
Dilçilik və tərcüməçilik, humanitar elmlərin ümumi metodoloji problemləri sahəsi, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabı dilimizə Azərbaycanın tanınmış dilçi alimləri – akademik Nizami Cəfərov və filologiya üzrə fəlsəfə doktoru İsmayıl Temiroğlu tərcümə edib.
azertag.az