Dövlət Turizm Agentliyi turizmdə müasir rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə etməyi planlaşdırır.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ümumdünya Turizm Günü münasibətilə turizm ictimaiyyətinə ünvanlanan təbrikində deyib.
Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi əsas faəliyyətini turizmin daha da inkişafı, yeni və fərqli siyasətin formalaşdırılması, ən uğurlu modellərin ölkəmizə məxsus şəkildə tətbiqi, yeni turizm və infrastruktur layihələrinin, turizm məhsullarının hazırlanması, bütövlükdə bu sahəyə daha yenilikçi yanaşma istiqamətlərində qurub:
"Bu il Ümumdünya Turizm Günü “turizm və rəqəmsal transformasiya” devizi altında qeyd olunur. Əlbəttə, turizm sahəsində mövcud resurslardan daha səmərəli istifadə olunmasında və dayanıqlı nəticələr əldə olunmasında müasir informasiya texnologiyalarının rolu günbəgün artır. Bunu nəzərə alaraq Dövlət Turizm Agentliyi turizmdə müasir rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə etməyi planlaşdırır".
F.Nağıyev bildirib ki, turizm cəmiyyətin bütün sahələrinə təsir etmək gücünə malik olan iqtisadiyyatın ən unikal sahələrindən biridir. Məhz bu səbəbdən turizmin inkişafı prosesində nəinki turizm sahəsinin təmsilçiləri, həmçinin cəmiyyətinin bütün üzvləri iştirak edirlər:
"Turistlərin sayının artmasında, hər xarici vətəndaşın ölkəmizdən məmnun ayrılaraq yenidən ölkəmizə səfər etməsində turizm sahəsində çalışan, bu sahə ilə birbaşa və ya dolayı yolla əlaqəsi olan hər bir kəsin çox böyük rolu var. Məhz bu səbəbdən turizm sənayesinin bütün iştirakçılarını turizmin ölkəmiz və insanlarımız üçün önəmini və əhəmiyyətini, eləcə də üzərlərinə düşən məsuliyyətin vacibliyini daha dərindən mənimsəməyə çağırır, hər kəsi birgə əməkdaşlığa dəvət edir, qarşıya qoyulmuş məqsədlərə yalnız sizin iştirakınızla çata biləcəyimizə əminliyimizi ifadə edirik".
trend.az