“Çirkin ördək balası” tamaşası Kukla Teatrının səhnəsində təqdim ediləcək
27.9.2018

Noyabrın 8-də Azərbaycan Dövlət Kukla Teatrında “Çirkin ördək balası” tamaşası nümayiş olunacaq.

Tamaşanın nümayişi M.A.P Festivalı çərçivəsində reallaşacaq.

Peterburqun “Brodyaçaya sobaçka” Kukla Teatrı artıq 25 ildir ki, fəaliyyət göstərir. Qonaqların zehnində öz rahat ev ab-havası ilə yaddaqalan bir kiçik uşaq teatrı üçün, bu, əhəmiyyətli müddətdir. Teatrın repertuarında həm xalq nağılları, həm də uşaq ədəbiyyatı klassiklərinin ən körpə, lakin, artıq çox tələbkar olan tamaşaçılar üçün nəzərdə tutulan əsərləri yer alır. Ənənəvi tamaşalardan savayı, "Brodyaçaya sobaçka" interaktiv dərslər də keçirir. Bu dərslərdə peşəkar artistlər uşaqlara əl altında olan vasitələrdən kuklaların hazırlanmasının əsaslarını öyrədirlər. Teatr indiyə qədər Latviya, İspaniya, Danimarka, İsveçrə, Türkiyə, Koreya Respublikası və başqa ölkələrdə çıxış edib.

“Çirkin ördək balası” kukla tamaşası Hans Xristian Andersenin 200 illik yubileyinə həsr olunub. Danimarkalı klassikin məşhur nağılının adaptasiyası, hamı kimi doğulmayan, fərqli ördək balasının maraqlı hekayəsindən bəhs edir. Kimsə bu tamaşanı ksenofobiya və bullinq haqqında ibrətamiz hekayə kimi də anlaya bilər. Amma uşaqlar üçün bu tamaşa, balaca çirkin ördək balasının möcüzəli şəkildə gözəl ağ qu quşuna çevrilməsi haqqındadır. Tamaşanın özəl xüsusiyyəti ondan ibarətdir ki, tamaşa ərzində heç bir “insan” sözü dilə gətirilmir və yalnız “quş dili” səslənir. 2005-ci ildə bu tamaşa ən yaxşı rəssam işi kimi "Qızıl Maska" mükafatına layiq görülüb və "Qızıl Maska" mükafatının "Kukla Teatrında ən yaxşı tamaşa" nominasiyası üzrə nominantı olub.



azertag.az