Qida Təhlükəsizliyi Agentliyi (AQTA) maarifləndirmə missiyasına uyğun olaraq, növbəti layihəsini həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı maarifləndirilməsi çərçivəsində yeni videoçarx hazırlanıb. “Əsas məqsədimiz qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmələri və öz fəaliyyətlərini daha səmərəli və innovativ şəkildə həyata keçirmələri ilə bağlı onları maarifləndirmək, qeydiyyat prosesi haqqında dolğun məlumatlar çatdırmaqdır”.
Videoçarxda həm agentliliyin, həm də qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin nümayəndələri qeydiyyat proseduru ilə bağlı geniş məlumatlar verir, qida təhlükəsizliyi qeydiyyatının üstünlükləri, sahibkarlar üçün yaradacağı yeni imkanlar diqqətə çatdırılır.
Qeyd olunub ki, agentlik tərəfindən bir neçə gün əvvəl qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı iş adamlarına müraciətdə onlara müəyyən olunmuş vaxt ərzində qeydiyyatdan keçmələri ilə bağlı xəbərdarlıq olunub.
azertag.az