Sentyabrın 29-da Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində şairə Leyla Bəyim və kinorejissor Yefim Avramovun müəllifi olduğu “İmmolatio” ("Qurbanvermə") tamaşasının premyerası olacaq. Pyes eyni ildə doğulmuş, eyni vaxtda dünyanın müxtəlif nöqtələrində - Şərqdə və Qərbdə, Azərbaycanda və Çexiyada yaşamış iki böyük mütəfəkkirə həsr edilib. İmadəddin Nəsimi (1369-1417) və Yan Qus (1369-1415) oxşar baxışlara, ideyalara, doğma dilin qorunması və inkişafına bənzər münasibətlərə sahib olublar.
Səhnə əsəri Azərbaycan və rus dillərində təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Vaqif Əsədov AZƏRTAC-a müsahibəsində deyib ki, dahi mütəfəkkir və filosofa həsr edilmiş festivalın təşkili təkcə ölkənin mədəni həyatı üçün yox, ümumilikdə bütün ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir. Nəsimi və Yan Qusa həsr olunmuş tamaşada, sanki, Şərq və Qərb arasında paralellər aparılır. Fikrimcə, bu, çox yaxşı ideyadır. Tamaşanın maraqlı tərəflərindən biri də odur ki, səhnə əsəri bütün binanı əhatə edir. Daha dəqiq desək, tamaşaçılar aktyorların ardınca bir otaqdan digərinə keçməklə, ayrı-ayrı hekayələrin şahidi olurlar. Dördpərdəli tamaşada iştirak üçün paytaxtın müxtəlif aparıcı teatrlarının aktyorları dəvət alıb.
"Bu əsərdə, doğurdan da, Nəsimi ilə çex filosofu, mütəfəkkiri Yan Qusun talelərinin oxşarlığından və ideya, əqidə baxımından onların çox yaxın, doğma olduqlarından bəhs edilir. Sözsüz ki, bunu teatrlarda tamaşa kimi hazırlamağı da düşünürük. Əsər iki dövrdə baş verir, XV və XXI əsrlərdə. Biz burada ancaq XV əsrlərdə baş vermiş epizodlardan istifadə edirik".
Belə maraqlı tamaşanın Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində təqdim edilməsini yüksək qiymətləndirən Leyla Bəyim deyib: “Maqsud İbrahimbəyov nəhəng dramaturq idi. Belə bir simvolik yerdə iki böyük mütəfəkkirə həsr olunan pyesin oynanılmasının enerjisi bir başqadır. Əsər üzərində işləyərkən öyrəndim ki, Nəsimi ilə Yan Qus oxşar taleli insanlardır. Onlar eyni ideyaların daşıyıcılarıdır. Bu dahilərin hətta ölümləri də eynilik təşkil edir. Bütün bunlar pyesdə dolğunluğu ilə əksini tapıb”.
Pyesdə Şərq və Qərb dünyasında mədəniyyətlərin və baxışların oxşarlığından bəhs olunur. Bu əsər imkan verir ki, tamaşaçı iki böyük mütəfəkkirin o dövrdə baş verən tarixi hadisələrə münasibəti ilə tanış olsun.
Pyesin süjetinə görə, Praqa Universitetindən olan gənclər Nəsimi və Yan Qus yaradıcılığını araşdırırlar. Onlar hesab edirlər ki, Şərq və Qərb mədəniyyətinə aid olan bu iki dahi insan gələcək nəsillərə hansısa müraciət ünvanlayıblar. Pyesin əsasında da XV və XXI əsrləri birləşdirən bu müraciətin axtarışları dayanır. Pyes rus dilində şeir formasında yazılıb, Azərbaycan və ingilis dillərinə tərcümə edilib.
Qeyd edək ki, Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı sentyabrın 30-dək davam edəcək.
azertag.az