Adətən yuxudan oyanandan sonra insan özünü gümrah və dincəlmiş hiss edir.
Lakin bəzən bunun əksinə, başağrısı ilə yuxudan oyananlar da olur.
Başağrısı 40-a qədər xəstəliyin əsas simptomu ola bilər. Aparılan müşahidələrə görə, xəstələrin 70 faizi həkimlərə başağrıları ilə əlaqədar müraciət edirlər ki, onların da yaranma səbəblərinin əsasında baş və boyun əzələlərinin gərginliyi durur.
Bu barədə psixoterapevt Əli Nağıyev məlumat verib: “Əgər baş axşamdan ağrıyırsa və səhər yuxudan qalxanda bu ağrı keçirsə və ya boyunu, damarları ovxalayanda ağrı hissi azalırsa, demək bu, gərginlik mənşəli patologiyadır. Bu problemlərə uzunmüddətli, xroniki hal alan, ağırlıq, başgicəllənmə və ürəkbulanma hissi ilə müşahidə edilən ağrıları da şamil etmək olar. Belə ki, əsasən gərginlikdən yaranan başağrıları başgicəllənməsi ilə müşahidə olunur”.
Psixoterapevtin dediyinə görə, bu tipli ağrılardan azad olmaq üçün bir sıra vacib məqamlara fikir vermək lazımdır: “Bu problemlərlə üzləşdikdə əvvəlcə nevropatoloq müayinəsindən keçmək mütləqdir. Müayinə zamanı ortaya orqanik xəstəlik çıxmadıqda pasiyent psixoterapevtə yönəldilir. Çünki belə hallarda əsas məsələ gərginliyin aradan qaldırılmasıdır. Əks halda keyfiyyətindən və sayından asılı olmayaraq, heç bir ağrıkəsici kömək edə bilməz. Xroniki və kəskin travmalar, infeksion xəstəliklər nəticəsində də başda ağrılar yarana bilər. Həcmli törəmələr, yəni şiş xəstəlikləri zamanı da başda ağrı əmələ gəlir”.
Onun sözlərinə görə damar mənşəli başağrıları əhali arasında daha geniş yayılan miqren xəstəliyinin əlaməti hesab olunur.
Arterial təzyiqin qalxması və enməsi nəticəsində də başda kəskin ağrılar yaranır.
Bundan başqa boyun yırtığı və osteoxondroz da başağrısına səbəb olur.
Saglamolun.Az