Hər il oktyabrın 1-də dünya ictimaiyyəti Vegetarianların Ümumdünya Gününü (World Vegetarian Day) qeyd edir.1977-ci ildə həmin günü Şimali Amerika Vegetarian Cəmiyyəti (North American Vegetarian Society, NAVS) təsis edib və bir il sonra Beynəlxalq Vegetarianlar İttifaqı (International Vegetarian Union, IVU) həmin təşəbbüsü dəstəkləyib.
Həmin günün qeyd olunması ictimaiyyəti vegetarian həyat tərzinin üstünlükləri, onun həm sağlamlıq və ekologiya baxımından, həm etik nöqteyi-nəzərdən, həmçinin vegetarianlığın müxtəlif aspektlərinin təbliği baxımından məlumatlandırmağa xidmət edir.
Vegetarianlıq heyvan mənşəli məhsulları menyudan çıxarıldığı qidalanma sistemidir. Bütün ənənələr kimi, o da qədim tarixə malikdir. Vegetarianlığın qədim vaxtlardan Asiya ölkələrində yarandığı və əsasında buddizmin və induizmin dini ənənələri dayandığı hesab edilir. Avropada vegetarianlıq yalnız XIX əsrin əvvəllərində İngiltərədə meydana çıxmağa başlayıb. Qeyd etmək lazımdır ki, həmin təlimin meydana çıxmasında Avropada iqtisadi böhran, qida məhsullarının bahalaşması da rol oynayıb.
İllər keçdikcə vegetarianlıq bütün dünyaya yayılaraq inkişaf edib, müəyyən dəyişikliyə uğrayıb, onun ən qızğın tərəfdarları isə daha ciddi - yalnız ətdən deyil, digər heyvan mənşəli məhsullardan da imtina etməyə çağırıblar. Bu gün vegetarianlıq öz populyarlığını itirməsə də, onu özünə həyat tərzi seçənlərin gətirdiyi səbəblər müxtəlifdir: kimsə dəbə uyaraq, kimsə çəki atmaq üçün, kimsə başqalarından seçilmək üçün, kimsə sağlamlıq naminə, kimsə – etik və dini-mənəvi dəyərlərə görə...
Lakin vegetarianlıq heç də dəb və ya diyeta deyil, həyat tərzidir. Statistik məlumatlara əsasən, bu gün dünyada demək olar ki, milyarda yaxın insan vegetarian həyat tərz sürür. Başqa sözlə desək, planet əhalisinin 10-11 faizi ətlə qidalanmaqdan imtina edərək təkcə sağlamlıq deyil, həm də mənəvi rahatlıq tapır.
Vegetarianlığın tərəfdarlarının arasında Pifaqor, Platon, Leonardo da Vinçi, Vinsent van Qoq, Tolstoy, Emil Zolya, Frans Kafka, Bernard Şou, Tomas Mor, Volter, Russo, Adam Smit, Bayron kimi məşhurlar da olublar.
Yeri gəlmişkən, həmin həyat tərzinin tərəfdarları bütöv bir ayı-Vegetarian Günündən başlayaraq noyabrın 1-dək olan dövrü "şüurlu vegetarian ayı" adlandırırlar. Həmin dövrdə vegetarianlığın faydalı və zərərli cəhətlərinə həsr olunmuş tematik tədbir və aksiyalar, qidalanmaq naminə heyvanları öldürməməklə əlaqədar flaşmoblar, iaşə müəssisələrində menyuya yalnız vegetarian yeməklərinin daxil edildiyi kulinariya mərasimləri, mağazalarda isə meyvə-tərəvəzlərin qiymətində endirim kampaniyaları keçirilir.
azertag.az