Azərbaycan Dövlət Musiqili Komediya Teatrı müsabiqə elan edir
30.1.2013

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edir.

Teatrın mətbuat xidmətindən bildirmişlər ki, müsabiqədə 18 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər.

Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev demişdir ki, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, binası yenicə təmirdən çıxacaq teatr üçün xüsusilə vacibdir. İstər yaradıcı qrup, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə isə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür.

Hazırda teatrda kadr çatışmazlığı var və bu boşluğu doldurmaq üçün yeni, istedadlı kadrlara ehtiyac duyulur. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaqdır.
Bununla yanaşı, Əliqismət Lalayev qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalçılara ehtiyac olduğunu, bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcəyini bildirmişdir. Teatr artıq 103-cü mövsümünü yaşayır. Rəhbərlik isə bu mövsümdə də yaradıcılıq işlərinin yüksək səviyyədə qurulması üçün bütün qüvvəsindən istifadə edir.

Sənədlər fevralın 28-dək Musiqili Komediya Teatrında qəbul edilir.

AzərTAc