Xalq Artistinin şəxsi fondu yaradılacaqdır
30.1.2013

Azərbaycan Dövlət Film Fondu yeni sənədlərlə zənginləşdiriləcəkdir.
Fonddan bildirmişlər ki, teatr sənətinin inkişafında, xüsusən gənc tamaşaçıların, məktəb şagirdlərinin, yeniyetmələrin estetik zövqlərinin formalaşmasında mühüm xidmətləri olan Xalq Artisti Hüseynağa Sadıqovun şəxsi arxiv fondu yaradılacaqdır.

Arxiv materiallarında Xalq Artistinin müxtəlif illərdə çəkdirdiyi fotolar, onun haqqında maraqlı yazılar və sənədlər vardır. Bundan əlavə, fond tərəfindən xalq artistinin 100 illik yubileyinin keçirilməsi də nəzərdə tutulmuşdur.

Əslən Cənubi Azərbaycandan olan Hüseynağa Sadıqov 1914-cü il martın 21-də Bakıda doğulmuşdur. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunmuşdur. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülmüşdür. İlk vaxtlardan ona məsul rollar tapşırılmışdır.

Hüseynağa Sadıqov 1956-cı il iyulun 1-də Əməkdar Artist, 1979-cu il fevralın 9-da Xalq Artisti fəxri adları ilə təltif edilmişdir.

Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də Bakıda vəfat etmişdir.

AzərTAc