Milli Məclis siqaret kötüyünü yerə atanların cərimələnməsini nəzərdə tutan layihəni qəbul edib
2.10.2018

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 5-ci bənd əlavə edilir.

Əlavə edilən bənddə qeyd olunub ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulur.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

report.az