“Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının təqdimatı keçirilib
3.10.2018

Muzey Mərkəzində “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının (www.intangible.az) təqdimatı keçirilib.

Reyestrin yaradılmasında məqsəd Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrini dövlət qeydiyyatına almaq, onların təbliğatını təşviq etmək, ermənilər tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün lazımi informativ bazanı formalaşdırmaqdır.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, təqdim olunan fayl canlı bədəndir: "Biz bu gün nəyisə portala vaxtında daxil etməsək, hər tərəfdən müdaxilələr olacaq. Sonra nəyisə sübut etmək daha çətin olur. Bu canlı bədəni yaşatmaq üçün bütün institutlar daim işləməli və portala yeni məlumatlar daxil edilməlidir. Biz bütün axtarış sistemlərində istinadların bu portala edilməsinə nail olmalıyıq. Dünyada Azərbaycanın qeyri-maddi irsi haqqında etibarlı məlumatı buradan əldə oluna biləcəyi bilinməlidir ".

Tədbirdə qeyd olunub ki, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalı Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatı, həmçinin mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, qeyri-maddi irs sahəsindəki ən son yenilikləri, UNESCO siyahısındakı Azərbaycan mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan münaqişəsi, münaqişəyə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları özündə ehtiva edir. Bundan əlavə, portalda Azərbaycan Respublikasının şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında məlumatlar da öz əksini tapmışdır.

Portalın hazırlanmasında Mədəniyyət Nazirliyi ilə yanaşı, AMEA-nın Folklor İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Aşıqlar Birliyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Milli Kulinariya Mərkəzi, Dövlət Film Fondu, AZƏRTAC, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və digər təşkilatlar iştirak ediblər.

report.az