Azərbaycan üzgüçüsü Maksim Şemberev Dünya Kuboku mərhələsində bir qızıl və bir bürünc medal qazanıb. Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı deyib.
Onun sözlərinə görə, Niderlandın Eyndhoven şəhərində Dünya Kuboku mərhələsində uzgüçümüz 1500 metr məsafəyə sərbəst üsulla yarışlarda hamını üstələyərək birinci yerə sahib olub və qızıl medal qazanıb. M.Şemberev 400 metr məsafəyə kompleks yarışında isə bürünc medalla kifayətlənib.
F.Bənənyarlı qeyd edib ki, hazırda 400 metr məsafəyə üzmə yarışlarında M.Şemberev dünya reytinqində 10-cu, Avropa reytinqində isə 3-cü yerdədir.
Xatırladaq ki, bu il sentyabrın 14-15-də Qətərin paytaxtı Dohada üzgüçülük üzrə Dünya Kubokunun ikinci mərhələsinin ikinci günündə Azərbaycan idmançısı M.Şemberev kişilər arasında 200 metr məsafəyə batterflay üsulu ilə yarışda qalib olaraq ən yüksək pillədə yer alıb. O, 1.58.46 göstərici ilə qızıl medal qazanıb.
200 metr məsafəyə batterflay üsulu ilə yarışda ikinci yerə Macarıstan idmançısı David Verrasto, 3-cü yerə isə Çin komandasının idmançısı Yuhanq Vu çıxıb.
Yarışın ikinci günü 400 metr qarışıq üsülla üzmə yarışlarında isə M.Şemberev 4.13.61 nəticə ilə gümüş medal qazanıb. O bu yarışda cüzi fərqlə yalnız Avropa çempionu D.Verrastodan geri qalıb.
trend.az