Səhiyyə naziri qrip və kəskin respirator xəstəliklərə qarşı tədbirlərin gücləndirilməsi barədə əmr imzalayıb
5.10.2018

Səhiyyə naziri Oqtay Şirəliyev “2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

Xəbər verilir ki, əmrə əsasən payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər, həmçinin infeksiya üzərində epidemioloji monitorinq güclənləndiriləcək.

Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması, qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsi tapşırılıb.

Eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülən nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatıdırılması Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə həvalə olunub.

Bundan başqa, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatı yaradılacaq.

report.az