Milli Məclisin bu gün keçirilən plenar iclasında Bakıdakı marşrut avtobuslarında baş verən problemlər müzakirə olunub.
Deputat Fəzail Ağamalı çıxışı zamanı bu sahədə fəaliyyət göstərən şirkətlərə ciddi nəzarət olunmasını təklif edib.
O xatırladıb ki, bugünlərdə sərnişin daşıyan avtobusun qatarla toqquşması nəticəsində iki nəfər ölüb, xeyli insan yaralanıb: “Bu, bizim hər birimizi kədərləndirdi. Bu, ilk belə hadisə deyil və buna bənzər hadisələr bir neçə dəfə baş verib. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradırlar. Ümidvaram ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq”.
Deputat qeyd edib ki, həmin sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur.
Onun sözlərinə görə, bəzi avtobuslarda gediş haqqı karta ödənildiyi halda, bir çoxlarında bu tətbiq olunmadığı üçün ciddi problemlər yaradır.
Deputat təklif edib ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin də məsuliyyətini artırmaq üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə dəqiq əlavələr olunmalıdır.
Digər deputatlar da bu məsələ ilə bağlı fikirlərini bildiriblər.
report.az