Azərbaycanda beynəlxalq təşkilatları hər hansı hərəkətin edilməsinə məcbur etməyə görə yeni cəzalar tətbiq olunacaq
9.10.2018

Azərbaycanda radioaktiv materiallarla qanunsuz davranmaya görə yeni cəzalar tətbiq olunacaq.

Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 226-cı (Radioaktiv materiallarla qanunsuz davranma) maddəsinə əlavə edilən 226.3-cü bəndə əsasən, fiziki və ya hüquqi şəxsi, dövlət qurumlarını və ya beynəlxalq təşkilatları hər hansı hərəkətin edilməsinə məcbur etmək və ya hər hansı hərəkətin edilməsindən çəkindirmək məqsədi ilə radioaktiv materialları talamaqla hədələməyə görə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Radioaktiv materiallardan istifadə edərək öldürməklə, sağlamlığa ağır zərər vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla hədələməyə görə isə 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsi planlaşdırılır.

Layihə yaxın günlərdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

report.az