ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən nüfuzlu Briqam Yanq Universitetində keçirilən Beynəlxalq hüquq və din simpoziumunda Azərbaycan multikulturalizmi əsas müzakirə mövzularından olub.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Bildirilib ki, 50 ölkədən 150-dək siyasi-ictimai və din xadimlərin, elm, QHT və media nümayəndələrinin qatıldığı simpoziumda insan haqları, beynəlxalq dini azadlıqların qorunması və digər mövzular üzrə müzakirələr aparılıb.
Simpoziumda çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verərək, əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.
Baş konsul Azərbaycanda tarixdən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Rəsmi Bakının dinlərarası harmoniyaya verdiyi töhfələrdən bəhs edən baş konsul Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda tarixi katakombaların, eləcə də Fransa, Rusiya və Bolqarıstanda tarixi-dini abidələrin bərpası üçün gördüyü işlərdən söhbət açıb.
report.az