Bu il Azərbaycan üçün açıqlanan hasilat proqnozları dəyişməyib.
Bunu "BP Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
O, keçən həftə Milli Məclis tərəfindən sazişi ratifikasiya olunan D230 blokundan da danışaraq bildirib ki, bu blokda öncə seysmik işlər həyata keçiriləcək.
B.Aslanbəylinin sözlərinə görə, proses bir qədər vaxt alacaq:"Ratifikasiyadan sonra sazişi Prezident imzalamalı, sonra qəzetdə dərc olunmalıdır.SOCAR-ın rəsmi məktubu daxil olduqdan sonra saziş tam qüvvəyə minir. Bundan sonra isə standart seysmiş işlər başlayır. Seysmik işlər yekunlaşdıqdan sonra isə kəşfiyyat quyusunun haradan qazılmasına qərar verilir. Bu isə bir az vaxt aparacaq".
Qeyd edək ki, “D230” blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə Londonda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb.
"D230" bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində, təxminən, 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok, təxminən, 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi, təxminən, 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında "D230" blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la qarşılıqlı anlaşma memorandumu imzalanıb.
report.az