“Abşeron” yatağının dəniz infrastrukturu ilə bağlı saziş imzalanıb
15.10.2018

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsi çərçivəsində “Saipem” (İtaliya) şirkətinin Niderlanddakı törəməsi - “Saipem Contracting Netherlands BV”, “Bos Shelf” (Azərbaycan) və STAR GULF FZCO (BƏƏ) şirkətlərindən ibarət konsorsiumla müqavilə imzalanıb.

Müqaviləyə əsasən, iş həcminə dəniz infrastrukturunun layihələndirmə, satınalma, hazırlama və quraşdırma işləri, 12 düymlük istehsal xəttinin və onun son strukturunun sınaq-sazlama və istismaravermə işlərinə kömək və digər işlər daxildir.

Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.

“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.

report.az