İlin sonunadək 25 mindən artıq müəllimin qiymətləndirilməsi planlaşdırılır
18.10.2018

Cari ildə bu günündək 6 074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib. İlin sonunadək daha 25 182 nəfərin qiymətləndirilməsi planlaşdırılır.

Bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.

N.Nağıyev bildirib ki, 2015-ci ildən bu günədək ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı 14,5 dəfə artıb.

Onun sözlərinə görə, 24 min müəllim dövlət nümunəvi sertifikat alıb.

N.Nağıyev vurğulayıb ki, 2015-ci ildə İTE (1755), ƏTM (284), GDU (123) kimi əlavə təhsil müəssisələrinin sifarişləri əsasında ümumilikdə 2 162 nəfər müdavim ixtisasartırma təlimlərinə cəlb olunub, Bakı şəhərində 2 039 və digər regionlarda 123 nəfərin yekun qiymətləndirmədə iştirakı təmin edilib:

"2016-cı ildə ixtisas sahəsi və innovasiyalar üzrə ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı artaraq Bakı şəhəri üzrə 3 264, regionlarda isə 6 191 olmaqla ümumilikdə 9 755 nəfərə çatıb. 2017-ci ildə Bakı şəhəri üzrə rəqəmlər 3 061, digər bölgələr üzrə 8 595 nəfərə çatıb".

trend.az