BP yeni qlobal onlayn portal istifadəyə verib
19.10.2018

 BP bu gün "Bacarıqlar Fabriki" (Skills Refinery) adlı yeni qlobal onlayn portalı istifadəyə verib.

Şirkətdən verilən məlumata görə, portal tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır.

"Bacarıqlar Fabriki" (Skills Refinery) tələbələrə beş bacarıq sahəsində, yəni kritik məsələlərin həlli, innovasiya, təsir və ünsiyyət, koqnitiv çeviklik və emosional intellekt sahələrində öz bacarıqlarını sınamaq və inkişaf etdirmək fürsəti verir. Bildirilib ki, sözügedən platforma ən son rəqəmsal texnologiyalardan istifadə etməklə oyun elementləri olan onlayn portal şəklində yaradılıb. Burada tələbələr özlərinin vacib peşəkar bacarıqlarını artırmağa kömək edən resurslar tapa, eyni zamanda əylənə biləcəklər.

"Bacarıqlar Fabriki" (Skills Refinery) tələbələrə özlərini sınamağa, interaktiv yoxlamalardan istifadə etməklə bacarıqlarını təkmilləşdirməyə, öz nailiyyətlərini izləməyə və beş bacarığın peşəkar aləmdə daşıdığı praktiki əhəmiyyəti aşkar etməyə imkan verəcək.

Rəqabət və həyəcan hissini artırmaq məqsədilə, "Bacarıqlar Fabrikinin" (Skills Refinery) üzvləri üçün illik qlobal yarış təşkil olunacaq. Yarışmaya dekabr ayında start veriləcək. Tələbələr video təqdimat yolu ilə ölkə səviyyəsində yarışmaq üçün qruplar təşkil etməli olacaqlar. Ölkə səviyyəsində qalib gələnlər gələn il 10-cu ildönümü münasibətilə London şəhərində keçiriləcək "One Young World" ümumdünya gənclər sammitinə/zirvə toplantısına bütün xərcləri ödənilmiş eksklüziv səyahət qazanmaq fürsəti uğrunda yarışmanı beynəlxalq səviyyədə davam etdirəcəklər.

İlk il ərzində "Bacarıqlar Fabriki" (Skills Refinery) beş regionda, yəni Avstraliya, Azərbaycan, Sinqapur, Böyük Britaniya və ABŞ-da sınaqdan keçiriləcək, 2019-cu ildə isə qlobal miqyasda istifadəyə verilməsi planlaşdırılır. Portala bakalavr pilləsində təhsil alan birinci və ikinci kurs tələbələr heç bir ödəniş etmədən qoşula bilərlər. Onlayn platforma www.bpskillsrefinery.com ünvanında yerləşir.

report.az