Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində tikilməli olan yeni zooloji
parkın yeri dəyişdirilib. APA-ya istinadən verilən məlumata görə, bunu
ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib
ki, zoopark Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq.
H. Bağırovun sözlərinə görə, yerin dəyişməsi ilə bağlı ictimaiyyətin
təklifləri də nəzərə alınıb: “Qobuda başqa layihələr həyata
keçirilməlidir. Ona görə də yerlə bağlı qərarı dəyişdik. Zoopark üçün
münasib yer seçmişik. Burada insanların canlı təbiətlə tanış olmalarına
daha geniş imkan var. Digər tərəfdən, zoopark tikiləcək yerdə
tullantıların axıntısı olmamalı, yeni texnologiyalardan istifadə üçün
geniş imkan yaradılmalıdır. Biz belə bir yer müəyyənləşdirmişik və yerin
ayrılması üçün müraciət etmişik”.
Zooparkın tikintisi üçün layihənin artıq hazır olduğunu deyən nazir onu
da qeyd edib ki, qərar qəbul olunan kimi tikinti işlərinə başlanacaq.