Gələn il BTC ilə neft nəqlində artım proqnozlaşdırılır
25.10.2018

Gələn il Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə neft nəqlinin bu ilin proqnozu ilə müqayisədə 2% artaraq 30,9 mln. ton təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə 2019-cu ilin büdcə zərfində qeyd edilib.

Bu il BTC ilə neft nəqlinin 30,3 mln. ton olacağı gözlənilir.

2017-ci ildə isə bu boru kəməri ilə 31,3 mln. ton neft nəql edilib.

Ümumilikdə, Azərbaycanın neft kəmərləri ilə gələn il neft nəqlinin 2018-ci ilin proqnozundan 1,7% artaraq 41,3 mln. ton olacağı nəzərdə tutulur.

2018-ci ildə isə neft kəmərləri ilə nəqlin 40,6 mln. ton olacağı gözlənilir. 2017-ci ildə Azərbaycanın neft kəmərləri ilə 42,7 mln. ton neft nəql edilib.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri ilə dünya bazarına çıxarılır.

BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır və Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun neftini və "Şahdəniz" kondensatını, digər xam neft və kondensat həcmlərini, o cümlədən tranzit neftini Ceyhan limanına (Aralıq dənizi, Türkiyə) nəql edir. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC kəməri 2006-cı ilin iyununda istismara verilib.

Bakı-Supsa kəməri ilə AÇG blokundan çıxarılan neftin bir hissəsi daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur

Bakı-Novorossiysk kəməri ilə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb. Bu kəmərlə ildə təxminən 1,5 mln. ton neft nəql edilir.

report.az