Azərbaycanlı rejissor Rusiya animasiya filmləri festivalında iştirak edəcəkdir
1.2.2013

Fevralın 27-dən martın 4-dək Rusiya Federasiyasının Suzdal şəhərində animasiya filmlərinin on səkkizinci açıq festivalı keçiriləcəkdir. Festival çərçivəsində ilk dəfə MDB və Baltikyanı ölkələrin Animasiya Filmləri Forumu təşkil olunacaqdır.
Forumun proqramında MDB və Baltikyanı ölkələrdə son beş ildə çəkilmiş ən yaxşı animasiya filmlərinin nümayişi nəzərdə tutulur.
Təşkilatçılar forumun aktuallığını onunla izah edirlər ki, bu gün praktiki olaraq, postsovet məkanındakı hər bir dövlətdə ya beynəlxalq animasiya kinofestivalı və forumu keçirilir, ya da animasiya bu tədbirlərin xüsusi proqramında yer alır. Hər bir dövlətdə animasiya filmlərinin istehsalı fərqli səviyyədə və müxtəlif həcmdə aparılsa da, hər halda bu iş görülür.
Rusiya animasiya filmlərinin açıq festivalı MDB və Baltikyanı ölkələrin animatorlarının ünsiyyətini bərpa etməyi təklif edir.
Forumda MDB-nin hər bir ölkəsindən bir təmsilçinin iştirakı nəzərdə tutulur.
Azərbaycanlı rejissor və rəssam, “Birlik” studiyasının bədii rəhbəri Firəngiz Qurbanova da MDB və Baltikyanı ölkələrin ən yaxşı animasiya filmləri forumuna dəvət almışdır.
Forumda “Fitnəkar milçək” (rejissor F.Qurbanova) və “Səmada şəkil” (rejissor C.Əhədov) adlı Azərbaycan filmləri nümayiş olunacaqdır.
Animasiya kinosu hər bir millətin mədəniyyətində mühüm yer tutur: istənilən ölkənin balaca vətəndaşlarının tərbiyəsi cizgi filmlərindən başlayır. Bu filmlərdə xalq nağıllarında və rəvayətlərdə ifadə olunan etik və mənəvi normaların ilk postulatları yer almışdır.
2007-2012-ci illərdə MDB və Baltikyanı ölkələrin animasiya studiyaları və müəlliflər haqqında dolğun məlumatların əks olunduğu xüsusi kataloq nəşr ediləcəkdir.
Forumun yekunlarına həsr olunmuş konfrans keçiriləcək və burada postsovet məkanının animasiya peşəkarları uzun illərdən sonra ilk dəfə görüşəcəklər.

© AzərTAc