Türkiyə vətəndaşları Azərbaycan prezidentinə təşəkkür məktubları göndərirlər
3.11.2011

Vanda baş vermiş zəlzələdən dərhal sonra Azərbaycandan axtarış-xilasetmə dəstəsi və digər yardımlar göndərilməsi ilə bağlı türkiyə vətəndaşları Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubları yazıblar.
Ankara şəhərindən Hakan Şən yazır: “Azərbaycan dövlətinin Türkiyəyə - zəlzələ bölgəsinə dərhal kömək göndərməsi bu iki ölkənin qardaş olduğunu bir daha təsdiq etdi. Türkiyənin arxasında hər zaman belə bir qardaş ölkənin durduğunu bilmək qürur doğurur. Bu, bütün millətlərinin bu qardaşlığı dərk etməsinə də böyük təsir göstərib, heç bir iki dövlətin bizim kimi bir dövlət ola bilməyəcəyini bir daha sübut edib. Türkiyə vətəndaşlarına göstərdiyiniz köməyə görə zəlzələdən zərər çəkənlər, ölkəm, onun vətəndaşları və şəxsən öz adımdan təşəkkürlərimi bildirirəm”.
Konya şəhərindən Fikrət Dönə isə yazır: “Çox hörmətli Cümhurbaşkanım, ölkəmizin Van şəhərində baş vermiş zəlzələdən zərər çəkənlərə göstərdiyiniz həssas münasibətə və yardımlara görə Sizə və qardaş ölkəm Azərbaycana sonsuz təşəkkürlərimi bildirirəm”.
Qeyd edək ki, bu oktyabrın 23-də Vanda 7,2 bal gücündə zəlzələ baş verib.
Zəlzələ bölgəsində aparılan xilasetmə əməliyyatlarında Azərbaycan FHN-in 213 xilasedicisi və kineloji xidmətinin itləri iştirak edib.