Milli Məclisin vitse-spikeri: “Azərbaycan insan hüquqlarının təmin olunması və qorunmasına böyük dəyər verir”
2.11.2018

“Azərbaycan sürətli iqtisadi inkişafa nail olmaqla yanaşı, humanitar sahədə də ardıcıl olaraq mühüm addımlar atır. Xüsusilə, ölkəmiz bu istiqamətdə mühüm tədbirlərin keçirildiyi məkanlardan birinə çevrilib. Bakıda keçirilən Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının 21-ci iclasında müzakirə olunan məsələlər bütövlükdə dünya üçün aktualdır. Belə tədbirlərin ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil. Çünki Azərbaycan insan hüquqlarının təmin olunması və qorunmasına böyük dəyər verir”.

Bunu Azərbaycan Milli Məclisinin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Bakıda səfərdə olan Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın Federal Ombudsmanı Syed Tahir Şahbazla görüşdə deyib.

B.Muradova Ermənistanın işğalçılıq siyasətinin nəticəsində yaratdığı Dağlıq Qarabağ münaqişəsindən, bu problem nəticəsində ev-eşiyindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərdən, əsir və girov götürülmüş azərbaycanlıların naməlum taleyindən danışıb.

Münaqişənin nizamlanması məsələsində Pakistanın göstərdiyi ədalətli mövqeyə görə təşəkkürünü bildirib.

Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının 21-ci iclasını yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürünü bildirən Syed Tahir Şahbaz belə tədbirlərin mühüm əhəmiyyətini vurğulayıb. Qonaq Azərbaycanla Pakistanın yüksək səviyyəli əlaqələrindən də söz açaraq ölkələrin xalqlar və dövlətlər üçün həlli vacib məsələlərdə göstərdiyi qarşılıqlı dəstəyi xüsusi qeyd edib.

O bildirib ki, Pakistan bütün məsələlərdə Azərbaycanı dəstəkləyir. Eyni münasibəti Azərbaycan da Pakistana göstərir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatı Elman Nəsirov, Ombudsman Elmira Süleymanova və digər rəsmi şəxslər iştirak ediblər.

report.az