Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb
14.11.2018

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri ötən ilin eyni dövrünə nisbətən 2,6% artaraq 29,5 mlrd. manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, ticarət dövriyyəsinin 14,8 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,7 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib. Bu illik müqayisədə müvafiq olaraq 2,1% və 3,2% çoxdur.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 18,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

10 ay ərzində istehlak məhsullarının 17%-ni ticarət müəssisələri, 50,9%-ni fərdi sahibkarlar, 32,1%-ni isə bazar və yarmarkalar satıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 37,1% artıb, fərdi sahibkarlar üzrə 1,1%, bazar və yarmarkalar üzrə isə 4,4% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

report.az