BANM-ın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub
14.11.2018

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri - “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan V kurs tələbələri Aleksandr Oborovskiy və Elmar Əsgərzadə “Cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan “ClimateLaunchpad” biznes yarışmasında Azərbaycanı təmsil ediblər.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Böyük Britaniyanın Edinburq şəhərində keçirilən yarışmada tələbələr “ThermoNorth” startap layihəsi ilə 1.5 illik elmi tədqiqat mövzuları ilə çıxış ediblər.

Dünyanin 45 ölkəsindən 135-dən çox layihənin təmsil olunduğu yarışmada BANM-in tələbələrinin layihəsi böyük marağa səbəb olub. Belə ki, təqdimatdan dərhal sonra müxtəlif sahələrdən olan ekspertlər müraciət edərək layihə haqqında daha geniş məlumat xahiş edib, xüsusilə layihənin elmi tədqiqat hissəsi ilə daha yaxından maraqlanıblar.

Bundan əlavə, layihənin üzvləri 6-7 dekabr Tokyoda keçiriləcək “Tran/Sum” Global Transport and Mobility konfransinda iştirak etmək üçün dəvət alıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi soyuq ölkələrdə maşın mühərrikini sərt hava şəraitinin təsirlərindən qorumaq üçün enerji saxlayan maddə istehsal etməkdir. Əsas hədəf auditoriyası logistika şirkətləri olan bu layihə həmin şirkətləri bir araya gətirəcək Tokyoda keçiriləcək konfransda təqdim ediləcək.

report.az