Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov noyabrın 13-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə görüşüb.
Xəbər verilir ki, əvvəlcə Azərbaycanın və Slovakiyanın Baş nazirlərinin təkbətək görüşü olub.
Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Sonra Baş nazir Novruz Məmmədovun və Baş nazir Peter Pelleqrininin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan ilə dost Slovakiya arasında yaxşı əlaqələrin olduğunu bildirən Novruz Məmmədov qeyd edib ki, Baş nazir Peter Pelleqrininin ölkəmizə səfəri ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Baş naziri ölkələrimizin xalqları arasında yaxınlaşmanın önəmini də vurğulayıb.
“Hesab edirəm ki, Azərbaycan ilə Slovakiya arasında beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli müstəvidə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər mövcuddur”, - Novruz Məmmədov bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan Baş nazir Novruz Məmmədov problemin həllində Azərbaycanın prinsipial və ədalətli mövqeyi barədə həmkarına ətraflı məlumat verib. Bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Baş nazir son illər ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyini, bunun üçün mükəmməl infrastrukturun yaradıldığını bildirərək Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb və bu məsələdə Slovakiyanın Azərbaycana dəstək verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Slovakiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Baş nazir Peter Pelleqrini ölkəsinin bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib. Slovakiyanın Baş naziri əməkdaşlığın dayanıqlı inkişafının təmini məqsədilə iki ölkə arasındakı münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb, həmçinin iki ölkə arasında sənaye, energetika, kənd təsərrüfatı, turizm, İKT və nəqliyyat sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
report.az