"Azərbaycan-BƏƏ hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclasının dekabr ayında Bakı şəhərində keçirilməsi istiqamətində danışıqlar aparılır".
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovun müsahibəsi.
- Azərbaycanla BƏƏ arasındakı hazırkı münasibətləri necə qiymətləndirirsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı anlaşma və etimada əsaslanan, həyatın bütün sahələrini əhatə edən yüksək səviyyəli münasibətlər mövcuddur. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda sıx əməkdaşlıq, yüksək səviyyəli siyasi dialoqun mövcudluğu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək sözügedən əlaqələri təşkil edən amillərdəndir. Habelə, müxtəlif səviyyəli qarşılıqlı səfər mübadiləsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi iki dost ölkələrimiz arasında siyasi və diplomatik əlaqələrin inkişafına xidmət edir.
2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri və səfər çərçivəsində Abu Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed əl Nəhyanla görüşü ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi təkan verib. O da vurğulanmalıdır ki, yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsi, həmçinin qeyri-hökumət təşkilatları, biznes dairələri arasında görüşlər ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin inkişafı, gündəlikdə duran məsələlərin müzakirəsi və yeni əməkdaşlıq məsələlərinin təşəbbüs edilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə deməliyəm ki, Azərbaycan və BƏƏ arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün böyük potensial mövcuddur. Sözügedən sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə olunur, əməkdaşlıq çevrəsində yeni seqmentlər cəlb edilir.
- Səfirlik "Made in Azerbaijan" brendinin BƏƏ-də təbliği istiqamətində hansı işlər görür? Azərbaycanlı biznesmenlərin BƏƏ bazarlarında iştirakı qaneedicidirmi?
- BƏƏ-in əksər kənd təsərrüfatı məhsullarını müxtəlif ölkələrdən idxal etdiyini, Körfəz ölkələrinin bu məhsullara olan tələbatının böyük hissəsinin BƏƏ ərazisindən idxal olunduğunu nəzərə alaraq, bu ölkə Azərbaycan üçün hədəf bazarlardan biri kimi müəyyən edilib. Hazırda ölkəmizin kənd təsərrüfatı məhsullarının bu bazarda daha da tanıdılması, istehsalın bu bazarın standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılır.
Son iki il ərzində Azərbaycan istehsalı olan məhsullar Dubayda hər il keçirilən və dünyanın ən böyük beynəlxalq kənd təsərrüfatı malları sərgisi olan “Gulfood” və “WOP” sərgilərində, “İslam Həmrəyliyi İli – istiqamət Azərbaycan” şüarı altında Əbu-Dabinin ən möhtəşəm “Emirates Palace” mehmanxanasında təşkil olunan Azərbaycan mədəniyyəti, incəsənəti, turizmi və məhsulları sərgisində, BƏƏ-nin qurucusu Şeyx Zayedin adını daşıyan və hər il iki ay ərzində yüz minlərlə ziyarətçi qəbul edən “Şeyx Zayed İrsi” festivalında təşkil olunan Azərbaycan pavilyonunda, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar keçirilən mərasimdə iştirakçıların böyük marağına səbəb olub, nəticədə Azərbaycan məhsullarının ixracı ilə bağlı BƏƏ və regionun digər ölkələrinin şirkətləri ilə razılıqlar əldə edilib.
Sevindirici haldır ki, BƏƏ-də fəaliyyət göstərən ticarət şəbəkələrində Azərbaycan istehsalı olan məhsulların satışının həcmi artıb. Hazırda bu halın davamlılığının təmin edilməsi və bu ölkədə məhsullarımızın sayının artırılması istiqamətində iş aparılır. Bu məqsədlə keçirilən tədbirlərlə yanaşı, səfirlik tərəfindən Azərbaycan məhsulları və onların istehsalçıları barədə mütəmadi olaraq məlumatlar BƏƏ-nin əsas idxalçı şirkətləri arasında yayılır.
Azərbaycan regionun ticarət, turizm və maliyyə mərkəzi hesab olunan Dubay şəhərinə mütəmadi ticarət missiyaları təşkil edir. Bu missiyalar çərçivəsində Azərbaycan məhsullarının tanıdılması və ixracı istiqamətində danışıqlar aparılır. Lakin biz Dubayla yanaşı, digər əmirliklərlə də əməkdaşlıq üçün potensial görürük və bu məqsədlə ticarət missiyasının Abu-Dabi və Şarja əmirliklərində də təşkil olunması istiqamətində iş aparılır.
Azərbaycan müəssisələri ticarətlə yanaşı iqtisadiyyatın bir çox seqmentlərində-tikinti, istehsal və emal sahələrində təmsil olunur. Belə ki, bir neçə gün bundan qabaq, Azərbaycanın Karvan-L şirkəti BƏƏ-nin Fuceyra şəhərində nəhəng Balıq Mərkəzinin tikintisi planlarını açıqlayıb.
- Azərbaycan və BƏƏ arasında olan qarşılıqlı investisiyaların həcmi nə qədərdir və bu sərmayələri artırmaq mümkündürmü?
- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın inkişafı üçün həyata keçirilən strategiya nəticəsində ölkəmizdə cəlbedici investisiya mühiti yaradılıb. Bildiyiniz kimi, Körfəz ölkələrindən olan sərmayədarlar Azərbaycanda inşaat və daşınmaz əmlak sahəsinə sərmayə yatırır. Məlum olduğu kimi, BƏƏ kənd təsərrüfatı və ərzaq məhsullarının böyük əksəriyyətini idxal edir. Bununla yanaşı Körfəz ölkələrinin idxal etdiyi eyni məhsullar da Dubay şəhərinin logistik imkanlarından istifadə edilməklə daşınır. Əksər iqlim qurşaqlarının mövcud olduğu Azərbaycanda bir çox kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün gözəl münbit şərait var, hazırda məhsullarımız BƏƏ-də sevilir və ərəb turistləri Azərbaycanda cəlb edən əsas amillərdən biri də ərzaq və dadlı mətbəximizdir.
Bunu nəzərə alaraq səfirlik Azərbaycanda sərmayə imkanlarının təşviqi məqsədi ilə keçirdiyi görüşlərdə BƏƏ-li investorları Azərbaycanda kənd təsərrüfatı sahəsinə sərmayə yatırmağa və öz kapitalları ilə yetişdirilən məhsulları BƏƏ-yə idxal etməyə təşviq edir. Xam məhsulun BƏƏ-yə daşınaraq buradakı azad ticarət zonalarında, yaxud Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında yaradılmaqda olan azad iqtisadi zonada emal edilməsi və hazır məhsul kimi üçüncü ölkələrə ixrac edilməsi məqsədilə birgə müəssisələrin yaradılması da perspektivli sahələrdəndir.
Eyni zamanda BƏƏ sərmayədarlarının Bakı ətrafında azad iqtisadi zonaların yaradılmasına, Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına, ölkədə yaşayan və səhiyyə sahəsində böyük biznes imkanları olan hindistanlı iş adamlarının Azərbaycanda xəstəxana inşası və işlədilməsi sahəsinə cəlb edilməsi perspektivli görünür. Məhz bu səbəbdən hazırda BƏƏ iş adamları Azərbaycanın daşınmaz əmlak, kənd təsərrüfatı, turizm, qida məhsullarının emalı sahələrinə, həmçinin Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına maraq göstərirlər. BƏƏ-li iş adamları tərəfindən cari ilin 10 ayı ərzində ölkəmizin iqtisadiyyatına yatırılan sərmayələrin həcmi 100 milyon ABŞ dollarına yaxındır.
- Azərbaycan-BƏƏ hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclasının tarixi dəqiqləşibmi?
- Qeyd etdiyim kimi, ölkələrimiz arasında əlaqələr bütün istiqamətlərdə, o cümlədən iqtisadi müstəvidə müsbət dinamika ilə inkişaf edir. İqtisadi sahəyə aid dövlət qurumları, iş adamları və şirkətlər arasında təmaslar, qarşılıqlı investisiyalar, ticarətin genişlənməsi, turizm sektorunun inkişafı, beynəlxalq tədbirlərdə qarşılıqlı iştirak ikitərəfli iqtisadi əlaqələrin intensivliyinin göstəricilərindəndir. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiya iqtisadi-ticarət əlaqələrin genişlənməsi, strukturlaşması üçün vacib bir mexanizm hesab olunur. Komissiyanın növbəti iclasının dekabr ayında Bakı şəhərində keçirilməsi istiqamətində danışıqlar aparılır.
- İlin sonunadək Dubayda Azərbaycanın Ticarət evinin açılacağı gözlənilir. Bunun dəqiq tarixi müəyyənləşdirilibmi?
- Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində verdiyi tapşırıqların həyata keçirilməsi çərçivəsində Azərbaycan regional əməkdaşlıq meyarlarını da nəzərə alaraq bir neçə strateji ölkədə ticarət nümayəndəlikləri açıb. Məlum olduğu kimi bu nümayəndəliklərdən biri də BƏƏ-də təsis edilib.
Şübhəsiz ki, ticarət nümayəndəliyinin açılması ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına təkan verən yeni amillərdən biri olub. Səfirliyin və nümayəndəliyin birgə fəaliyyəti nəticəsində cari ilin sonuna kimi ölkəmizdə istehsal olunan malları təşviq edən Ticarət Evinin açılması planlaşdırılır. Dubay şəhərinin mərkəzində, məşhur Bürc əl-Ərəb mehmanxanasının yaxınlığında yerləşən Ticarət Evində Azərbaycan Respublikasının ticarət nümayəndəliyi, Azərbaycan istehsalı olan məhsulların satışı, nümayişi və marketinqi mərkəzi, həmçinin Azərbaycan mətbəxinin və mədəniyyətinin bu ölkədə daha da tanıdılması, eyni zamanda BƏƏ-də yaşayan Azərbaycanlılar icmasının tez-tez toplaşmasına şərait yaratmaq məqsədilə “Azərbaycan Evi” adlı restoran və kafe fəaliyyət göstərəcək.
Onu da qeyd etməliyəm ki, cari ilin 4-5 noyabr tarixlərində Azərbaycan Ticarət Evinin fəaliyyət göstərəcəyi ticarət mərkəzində Azərbaycan Xalq Cümhuriyyətin 100 illik yubileyinə həsr olunan Azərbaycanın gənc rəssamlarının sərgisinin açılış mərasimi keçirilib. Səfirlik və ticarət nümayəndəsi aparatı ilə birgə keçirilmiş mərasimdə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev, tanınmış rəssam Sakit Məmmədov, teleaparıcı və xeyriyyəçi Nuran Hüseynov (Hacı Nuran), BƏƏ-nin iş adamları, incəsənət xadimləri, səfirlik, Ticarət Nümayəndəliyi və Baş Konsulluğun əməkdaşları iştirak ediblər.
report.az