Azərbaycanda təsərrüfat sahiblərinə “Fermer kart”ının verilməsinə başlanıb
21.11.2018

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müasir metodlardan istifadə edən və innovativ təşəbbüslərlə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Dövlət Aqrar Ticarət Şirkəti" MMC daha bir yeniliyə imza atıb.

Məlumata görə, şirkətin təşəbbüsü və “Kapital Bank” ASC-nin dəstəyi ilə kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödəniləcək. Kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı xidmət haqqı tutulmayacaq.

Kart vasitəsilə hər bir fermerə identifikasiya kodu veriləcək, alqı-satqı prosesinin qeydiyyatı aparılacaq. Bunun da nəticəsində fermerlərlə əməkdaşlıqda şəffaflıq təmin olunacaq.

Kartdan istifadə fermerlərə ödəniləcək vəsaitin dərhal onlara çatmasına imkan verəcək, eyni zamanda bölgələrdə nağdsız ödənişləri stimullaşdıracaq.

Tərəfdaş bankın bölgələrdə ATM sayının çox olması fermerlərin əlavə vaxt itkisinin qarşısını alacaq. Fermerlər həmçinin, kart dövriyyəsini göstərməklə bank və kredit təşkilatlarının digər xidmətlərindən də rahatlıqla istifadə edə biləcək.

“Fermer kartı”nın ilkin olaraq, “Kənddən Şəhərə” mağazasına təchizatçı qismində üzv olan fermer və sahibkarlara verilməsi nəzərdə tutulub. İlk kartlar "Dövlət Aqrar Ticarət Şirkəti"nin əməkdaşlıq etdiyi Quba rayonu Zərdabi kənd sakini Tahir Cəfərov və Xaçmaz rayonu Yergüc kənd sakini Aydın Əspəndiyevə təqdim edilib.

report.az