Qadınlarda bu simptom şəkərli diabetə işarə edir
21.11.2018

Statistikaya görə, şəkərli diabet bütün dünyada ən yayılmış xroniki xəstəlik sayılır. İldən ilə diabetdən əziyyət çəkənlərin sayı artır.

2-ci tip şəkərli diabet xəstəliyi istənilən insanda inkişaf edə bilər. Şəkərli diabet ağır fəsadlar verdiyi üçün çox təhlükəli xəstəlik sayılır. Bu fəsadlar arasında: ürək və damar xəstəlikləri, infarkt və insult, korluq, böyrək xəstəlikləri, sinirlərin zədələnməsi və s.

Saglamolun.az zdr.ru-ya istinadla xəbər verir ki, şəkərli diabet uzun müddət ərzində gizli inkişaf edə bilər. Bu səbəbdən mütəxəssislər vaxtaşırı olaraq qanda şəkərin səviyyəsini yoxlamağı tövsiyə edir. Şəkərli diabetin erkən aşkar olunması çox vacibdir!

Şəkərli diabetin əsas simptomları bunlardır:

- sidik ifrazının tezləşməsi

- səbəbsiz susuzluq

- dəridə yaraların gec sağalması

- arıqlama

- səbəbsiz güclü aclıq

- yorğunluq

- əhvalın dəyişkən olması


Bu simptomları bir çoxları bilir. Lakin elə də simptomlar var ki, insanların əksəriyyəti onları şəkərli diabetlə əlaqələndirmir. Belə simptomlardan biri qadınlarda vaginal bölgədə güclü qaşınmadır.

Əksər hallarda bunun səbəbi göbələk infeksiyasıdır. Kandida göbələyi uşaqlıq yolunun təbii mikroflorasına daxildir. Lakin göbələk sürətlə artmağa başlayanda bu müxtəlif xoşagəlməz simptomların (qaşınma, göynəmə, ifrazatların artması) əmələ gəlməsinə səbəb olur. Belə hallarda qadınlar adətən ginekoloqa müraciət edir və lazım olan müalicə alır.

Lakin göbələk infeksiyasının tez-tez əmələ gəlməsi ciddi simptomdur ki, qadında şəkərli diabetin inkişafına işarə edə bilər.

Məsələ burasındadır ki, qanda şəkərin yüksəlməsi kandidanın artması üçün əlverişli şərait yaradır. Bundan əlavə diabet immun sistemini zəiflədir ki, göbələk daha sürətlə artır və nəticədə simptomlar (xüsusilə qaşınma) daha da güclü olur.


Saglamolun.Az