“Koroğlu” bu dəfə quruluşçu rəssamın şərəfinə səhnəyə çıxacaq
21.11.2018

Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri Xalq rəssamı, SSRİ dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr olunacaq. Səhnə əsərində teatrın aparıcı solistləri - Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Fidan Hacıyeva, Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, solistlərdən Taleh Yahyayev , Fəhmin Əhmədli və Nurlan Namazov çıxış edəcək.

Opera Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Qeyd edək ki, Tahir Salahov “Koroğlu” operasının quruluşçu rəssamıdır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri sayılan bu operanı, həm də Tahir Salahovun monumental və zəngin səhnə tərtibatı, dekorasiyaları bəzəyir.


azertag.az