Azərbaycan İstiqlal Muzeyində Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə “Yarımçıq qalmış ömür” adlı sərgi açılıb.
Muzeydən bildirilib ki, sərgidə muzeyin fondlarında və şəxsi arxivlərdə saxlanılan Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Milli Qəhrəman Oqtay Güləliyev, şəhidlər Rüstəm Mirzəyev, İlham Orucov, Bəbir Ələkbərov, İman Həsənquliyev, Vüqar Həsənquliyev, Kərəm Zeynalov, Bəhmən Səfərəliyev, Səməd Kərimov, Əliqulu İsgəndərov, İlqar Allahyarov və Nurəddin Allahyarova məxsus 100-ə yaxın şəxsi əşya nümayiş olunub.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva, Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayon üzrə nümayəndəsi Asif Əliyev və başqaları çıxış edərək torpaqlarımız uğrunda şəhid olmuş qəhrəmanlarımıza həsr olunan sərginin əhəmiyyətini qeyd ediblər.
azertag.az