Noyabrın 24-də DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü, Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotellər Assosiasiyasının təşkilati dəstəyi ilə turizm və qonaqpərvərlik sahəsində ilk ixtisaslaşmış əmək yarmarkası keçiriləcək.
Dövlət Turizm Agentliyindən bildirilib ki, layihə turizm və qonaqpərvərlik sənayesində əmək bazarı iştirakçılarının və təhsil müəssisələrinin işəgötürənlərlə daha çevik və səmərəli əlaqələrinin qurulmasına töhfə verən biznes platforması rolunu oynayır.
Əmək yarmarkası işəgötürən şirkətlər üçün mövcud vakansiyaların elan edilməsi, əmək resurslarının ehtiyat bazasının yenilənməsi, vəzifə təlimatlarının, əmək şəraitinin, peşə standartlarının geniş kütləyə elan edilməsi və iş axtaranlarla birbaşa müsahibə keçirməyə şərait yaradacaq.
Yarmarkada turizm, qonaqpərvərlik və xidmət sahələrini təmsil edən 115 biznes subyekti tərəfindən 270-dən artıq vakansiya elan ediləcək.
İştirakçılar sırasında “KFC”, “Saffron Restaurant Group”, “Gilan Hospitality”, “Absheron Hotel Group”, “145 Restaurant Group”, “JW Marriott Absheron Hotel”, “Hyatt Regency Baku Hotel”, “Four Seasons Hotel Baku”, “MyBrands”, “Pullman Hotel Baku”, “New Era Travel”, “Baku Hospitality Group”, “Rama Service” və digər şirkətlər təmsil olunurlar.
Tədbirin tərəfdaşları qismində Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, “Logix”, “Kaffadan”, “Xonca Kitchen”, “Nova.Net” şirkətləri çıxış edirlər.
azertag.az