Küveyt dövlətinin səfiri “Azərxalça”nın Quba filialı ilə tanış olub
23.11.2018

Küveyt Dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Qubaya səfəri çərçivəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bu rayondakı filialı ilə də tanış olub.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki, səfirə emalatxana ilə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, bu xalça istehsalı emalatxanası “Azərxalça”nın hazırda fəaliyyət göstərən 11 filialından biridir. Filial Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin dekabr ayında istifadəyə verilib. Burada 70-dən çox toxucu fəaliyyət göstərir. Xalça istehsalı emalatxanasında indiyədək ümumi ölçüsü 297 kvadratmetr olan 112 ədəd xalça toxunub. Hazırda bu filialda ərsəyə gətirilən ən böyük xalçanın toxunması davam etdirilir. Bu, qədim Şirvan çeşnisi əsasında toxunan 24 kvadratmetrlik xalçadır.

Vurğulanıb ki, etnoqrafik cəhətdən çox zəngin olan Quba xalçaçılıq ənənələrinin də yarandığı və inkişaf etdiyi bölgələrdəndir. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Quba bölgəsində toxunan xalçaların üzərində öz əksini tapan müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi elementlər yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır.

Səfir burada toxunan xalçalara heyran olduğunu bildirib, onların keyfiyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, bu xalçalar yundur, xovludur. Yüksək keyfiyyətlə toxunan xalçaların yun ipləri təbii boyaqlarla boyanır. Ona görə də “Azərxalça”nın filiallarında toxunan xalçalar yuyularkən öz keyfiyyətini itirmir, rəngi solmur, əksinə parlaqlıq qazanır.

Bildirilib ki, Azərbaycana gələn turistlərin ziyarət etdiyi ünvanlar sırasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filialları da vardır. Qurumun fəaliyyət göstərən filiallarında sərgi-satış salonları yaradılıb ki, bu da xalça istehsalı emalatxanalarını turistlər üçün daha cəlbedici edir.

Quba ölkəmizin əsas turizm mərkəzlərindən biridir. Hər gün bu rayona yüzlərlə turist gəlir. Həmin insanların turizm marşrutunda "Azərxalça"nın Quba filialı da olur. 2018-ci ildə bu filialı ziyarət edənlər arasında ərəb ölkələrindən, eləcə də Küveytdən olan turistlər çoxluq təşkil edib.

Azərbaycan xalçalarının dünyaya ixrac imkanları ilə də maraqlanan Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi bu xalçalara onun ölkəsində də ciddi tələbatın olacağına əminliyini ifadə edib.

Səfirə “Azərbaycan xalçaları” kitabı hədiyyə olunub.


azertag.az