Noyabrın 29-da “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Şəmkir Gənclər Mərkəzində “Ulduzlu səmalar” adlı səyyar sərgi təqdim olunacaq.
Sərgi Azərbaycanın aparıcı müasir rəssamları Aida Mahmudova, Faiq Əhməd, Fərid Rəsulov və dünyaca məşhur Mikelancelo Pistolettonun əsərlərindən təşkil olunmuş ekspozisiyanı nümayiş etdirəcək.
Yenilənmiş ənənələr, fərqli dəyərlər sərginin əsas leytmotivini təşkil edir. Ənənəvi sənətlərin qəbul olunmuş kanonlarını dəyişərək, sındıraraq, rəssamlar bununla təkcə yeni vizual sənət məhsulu deyil, həm də kontekst baxımından yeni mövzulara toxunurlar. Bu mövzular çevrəsi ənənə, irs, qloballaşma, urbanizasiya, mədəni inqilab, sosial-ictimai aspektləri əks etdirir. Ekspozisiyada nümayiş olunan əsərlərin konseptləri sintez və eksperiment aparmaq marağından qaynaqlanır. Bununla belə, bu əsərlər tamaşaçını interaktivliyə dəvət edir.
Faiq Əhməd əsrlər boyu yaşayan xalçaçılıq sənətini yeni interpretasiyada təqdim edərək, xalçaçılıq estetikasını yenidən kəşf edib onu müasir mədəniyyətə daxil edir. O, toxuculuq prosesini hissələrə ayırır, hazır xalçanın adi ikiölçülü, müstəvi görünüşünü dəyişib onu üçölçülü şəkildə təqdim edir.
Ənənə mövzusunu Fərid Rəsulovun “Şəbəkə” silsiləsindən olan “Düşən ulduz” və “Quş” adlı əsərləri davam etdirir. Rəssam monumental-dekorativ memarlıq sənət nümunəsini xalçanın əsas ornamentlərlə təqdim edir və bununla iki müxtəlif sahənin sintezini yaradır. Bu sintezin nəticəsi olaraq, sanki böyüdülmüş və havadan asılmış rəngli xalça ornamentləri formasında olan art obyektlər çıxış edir.
Aida Mahmudovanın “Məkanlar” silsiləsi rəssamın müşahidələrini əks etdirir. Bu müşahidə - araşdırmalar coğrafi yerləşmə, urbanizasiya, şəhərin ekspansiyası kimi məqamları əks etdirir. Quş uçuşu səviyyəsindən görünən mənzərələr landşaft, xarakter və əhvalına görə fərqlənir.
İtalyan rəssamı Mikelancelo Pistolettonun şah əsərlərindən biri olan, kartondan hazırlanmış “Labirint” əsəri, tamaşaçını cığırlı yollardan keçməsini təklif edir. Bunun metaforik mənası insanın müxtəlif həyat yolları keçməsi ilə daxili “mənini”, kimliyini axtarmağa dəvət edir.
“Ulduzlu səmalar” sərgisinin təhsil proqramı çərçivəsində “YARAT” Rezidentura proqramının rəssamları Aurelien Lepetit, Yevi Joxova, Juditta Vendrame və Emil Məcnun tərəfindən ustad dərslərin keçirilməsi, ö cümlədən Faiq Əhməd və Fərid Rəsulovla panel diskussiyanın aparılması nəzərdə tutulur.
azertag.az