Azərbaycanlı bəstəkar Sundhoffen sakinlərinin qəlbini fəth edib
27.11.2018

Fransanın Yuxarı Ren departamentində Sundhoffen kommunası meriyasının təşkilatçılığı ilə Milad bayramı münasibətilə konsert olub.

Konsertdə Sundhoffen kommunasının sakini, azərbaycanlı bəstəkar, vokalist və xor dirijoru İlahə Ahui Xalq artisti Fərhad Bədəlbəylinin “İki qadının duası” (“Ave Maria” katolik himni əsasında) mahnısını ifa edib.

Konsert çərçivəsində həmvətənlimizin Carmen Kalbererin “Le Jardin secret” şeirinə bəstələdiyi mahnının təqdimatı olub. İ.Ahuinin ifası alqışlarla qarşılanıb.

Qeyd edək ki, kiçik yaşlarından xor solisti olan İlahə Ahui Bakıda piano məktəbinə gedib. On iki yaşında Bakı haqqında ilk mahnısını bəstələyib. 1999-cu ildə Fransanın Strasburq şəhərinə gələn İ.Ahui bir il sonra Kolmar şəhərinə köçüb və orada yaşayır.

2012-ci ildə Kolmar şəhərinin Konservatoriyasının dirijorluq və vokal sinfinə daxil olub. Yerli xor qruplarına dirijorluq edir, Azərbaycan mahnılarını və öz bəstələrini səsləndirir. Hazırda azərbaycanlı dirijor və müğənni iki xor qrupu və bir orkestrə rəhbərlik edir.


azertag.az