Bakı Ali Neft Məktəbinin 7 yaşı tamam olur
29.11.2018

Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının yeddi yaşı tamam olur.

Yarandığı gündən Azərbaycan universitetlərinin reytinq cədvəlində öz liderliyini saxlayan Ali Məktəb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli 539 nömrəli Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb.

2017-ci il may ayının 1-də Qafqaz regionunun ən böyük kampusu olan BANM-ın yeni kampusu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilib. Prezident İlham Əliyev açılış zamanı Ali Məktəbin fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Bakı Ali Neft Məktəbi artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu illər ərzində Ali Məktəb Azərbaycanın təhsil məkanında artıq öz layiqli yerini tuta bilibdir. Burada oxumaq, biliklərə yiyələnmək üçün bütün şərait yaradılıb, ən müasir texnologiyalar tətbiq olunur.”

Qeyd edək ki, BANM Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatında ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta ballara görə reytinq cədvəlində Azərbaycan universitetləri arasında birinci yerdədir. Cari ildə BANM-a qəbul olmaq üçün ümumi orta bal - 678 bal olub.

Bu il həmçinin, I ixtisas qrupu üzrə 700 bal toplamış 13 nəfər abituriyentin hamısı BANM-ı seçib. Bu göstərici ölkə tarixində rekord göstəricidir. 2018/2019-cu tədris ilində BANM-ın 26 tələbəsi Prezident təqaüdünə layiq görülüb ki bu da BANM-ı ölkə üzrə ali məktəblər arasında lider edib.

Ali Məktəb yeddi illik fəaliyyətində artıq ikinci məzunlarını buraxıb. Məzunların işlə təmin olunması isə 100% təşkil edir. Bu gün BANM-ı bitirən məzunlar yerli və transmilli şirkətlərdə çalışır və dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər.

7 illik uğurlu fəaliyyəti ərzində Ali Məktəb ölkədə peşəkar mühəndislərin hazırlanmasında SOCAR, STAR Refinery, BP, ABB, Emerson, Schneider Electric, Maire Tecnimont, Halliburton, Microsoft, Schlumberger, Statoil, Total, Avandsis Group və digər ən qabaqcıl şirkətlərlə əməkdaşlıq edir ki, bu da BANM-ın məzunlarının beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır.


report.az