Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan müsəlmanlarını təbrik edib
3.11.2011

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib: "Şükürlər olsun ki, Azərbaycan müsəlmanları artıq 20 ildir ki, öz müstəqilliyini bərpa edərək, dünya müsəlmanları ilə birgə Qurban bayramını istər Vətəndə, istərsə də İslamın müqəddəs məkanlarında layiqli şəkildə qarşılamaq imkanına malikdirlər. İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində biz bu mübarək məqamı 2 gün bayram etmək şərəfinə nail olmuşuq. Azərbaycan dövlətinin bu günlərdə dünya miqyasında tarixi uğura imza atması - ölkəmizin daha bir mötəbər məqamda – BMT səviyyəsində layiqli yer alması Azərbaycan müsəlmanlarının Qurban bayramı öncəsi sevincini daha da artırdı. Şübhəsiz ki, dövlətimizin gün-gündən yüksələn iqtisadi qüdrəti, möhkəmlənən siyasi iradə və nüfuzu, milli-mənəvi dəyərlərin davamlı dirçəlişi Azərbaycan xalqının mübarək bayram əhval-ruhiyyəsini, daha gözəl sabahlara inamını artıran gözəl məqamlardır. Bu əziz günlərdə Şeyxülislam olaraq, Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Allah-Təala qurbanlarımızı qəbul, ülvi niyyətlərimizi müstəcab etsin, inşallah! Amin! Allah Qurban bayramımızı mübarək etsin! Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!".