Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib: "Şükürlər olsun ki, Azərbaycan müsəlmanları artıq 20 ildir ki, öz
müstəqilliyini bərpa edərək, dünya müsəlmanları ilə birgə Qurban
bayramını istər Vətəndə, istərsə də İslamın müqəddəs məkanlarında
layiqli şəkildə qarşılamaq imkanına malikdirlər. İslami dəyərlərə sahib
duran dövlətimizin qayğısı sayəsində biz bu mübarək məqamı 2 gün bayram
etmək şərəfinə nail olmuşuq. Azərbaycan
dövlətinin bu günlərdə dünya miqyasında tarixi uğura imza atması -
ölkəmizin daha bir mötəbər məqamda – BMT səviyyəsində layiqli yer alması
Azərbaycan müsəlmanlarının Qurban bayramı öncəsi sevincini daha da
artırdı. Şübhəsiz ki, dövlətimizin gün-gündən yüksələn iqtisadi qüdrəti,
möhkəmlənən siyasi iradə və nüfuzu, milli-mənəvi dəyərlərin davamlı
dirçəlişi Azərbaycan xalqının mübarək bayram əhval-ruhiyyəsini, daha
gözəl sabahlara inamını artıran gözəl məqamlardır. Bu əziz günlərdə Şeyxülislam olaraq, Azərbaycan xalqına
xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə hər zaman
bərqərar olmasını diləyirəm. Allah-Təala qurbanlarımızı qəbul, ülvi
niyyətlərimizi müstəcab etsin, inşallah! Amin! Allah Qurban bayramımızı
mübarək etsin! Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!".