Xorvatiya - Azərbaycan matçının keçiriləcəyi stadion müəyyənləşib
11.12.2018

Xorvatiya və Azərbaycan milli komandaları arasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin ilk tur matçının keçiriləcəyi stadion müəyyənləşib.

Bu barədə qərar Xorvatiya Futbol İttifaqının (HNS) İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Qərara əsasən, 2019-cu il martın 21-də nəzərdə tutulan görüş Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq.

İcraiyyə Komitəsi həmçinin HNS-in yeni təklif olunan gerbini dəyişməməyi də məqsədəuyğun sayıb. Qurum açıq müsabiqə nəticəsində təklif olunan variantlardan heç birinin hazırkını üstələmədiyi qənaətinə gəlib. Hazırkı gerbdə damalar təsvir olunub və yığma da oyunlara belə formalarla çıxır.

Qeyd edək ki, Xorvatiya və Azərbaycan milliləri Macarıstan, Slovakiya, Uelslə birgə E qrupunda yer alıb.

report.az