Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov SOCAR-Foster Wheeler (FW) Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov və onun birinci müavini Mario Castellano ilə görüşüb.
Bu barədə BANM-dən məlumat verilib.
Rektor qeyd edib ki, SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsi Ali Məktəbin tələbə və məzunları üçün arzuolunan şirkətlər sırasındadır. BANM-ın son uğurlarını və şirkətlərlə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan rektor, Ali Məktəblə birgə müəssisə arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
Müəssisənin baş direktoru Elməddin Dadaşov müəssisənin fəaliyyəti haqqında danışıb. Daha sonra o müəssisənin tələbələrlə işə böyük önəm verdiyini, onlar üçün xüsusi təcrübə proqramlarının təşkil edildiyini bildirib.
Baş direktorun birinci müavini Mario Castellano isə müəssisənin xüsusilə avtomatlaşdırma və kimya mühəndisliyi istiqamətində bilikli gənc mütəxəssislərə ehtiyacı olduğunu bildirib.
Görüşdə Ali Məktəblə müəssisənin tələbələrin işlə təmin olunması istiqamətində görəcəyi işlər müəyyən edilib. Tərəflər arasında yanvar ayında tələbələrə SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin təqdimat edəcəyi, həmçinin memorandum imzalanması razılaşdırılıb. Daha sonra isə müəssisənin İnsan Resursları şöbəsi tələbələr arasından qaydalara uyğun seçim edəcək və müəssisənin təsdiq etdiyi sonuncu kurs tələbələri təcrübə proqramına başlayacaq. Təcrübə proqramını uğurla başa vuran tələbələrə SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsi iş təklifi edəcək.
Qeyd edək ki, SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsi neft emalı, neft-kimya və ətraf mühit layihələrində mühəndislik, satınalma və tikintiyə nəzarət və layihənin idarəedilməsi xidmətləri göstərir.
report.az